“Sumqayıt”ın hücumçusu Kərim Abubakar “Football-plus.az” saytına müsahibə verib.
27 yaşlı forvard bizimlə söhbətdə həm şərəfini qoruduğu komanda, həm də Azərbaycan premyer-liqası ilə bağlı fikirlərini bölüşdü.
- Böyükhesabla yenildiyiniz “Qarabağ”la matçdan sonra düşərgədə ab-hava necədi?
- Böyükhesabla yenilən komanda da əhval-ruhiyyyə necə olar? “Qarabağ”la matçdan sonra komanda yoldaşlarım kimi mənim də əhval-ruhiyyəm yaxşı deyildi. Əslində həmin görüşə çox yaxşı hazırlaşmışdıq, daha yaxşı nəticə qazanacağımıza ümid edirdim. Təəssüf ki, uduzduq. Özü də böyükhesabla. Hazırda acınacaqlı məğlubiyyəti unutmuşuq. Qarşıdan gələn oyuna hazırlaşırıq.
- Qış fasiləsindən sonra komandaya qoşulsan da artıq hesabında 3 qol var. Ancaq “Qarabağ”la görüşdə ilk dəqiqələrdə ehtiyat oyunçular skamyasında oturmuşdun, meydana sonradan çıxdın...
- Baş məşqçinin qərarıdı, ona da hörmətlə yanaşıram. O bir daha göstərdi ki, hamı qarşıdakı matça hazır olmalıdı. Fərqi yoxdu, kim nə qədər qol vurub, neçə məhsuldar ötürmə edib. Baş məşqçimiz düzgün olan qərarı verir.
- Qarşıda sizi “Turan Tovuz”la oyun gözləyir. Turnir cədvəlindəki durumu nəzərə alsaq, növbəti oyunlarda qazanılacaq hər xal komandaya elitada yerini qorumaq üçün vacibdi. “Sumqayıt”ın Tovuz səfərindən xalla dönəcəyinə inanırsan?
- Komanda yoldaşlarım kimi mən də hər şeyin yaxşı olacağına ümid edirəm. Bəli, bu gün vəziyyətimiz heç də yaxşı deyil. Turnir cədvəlində aşağı yerlərdə qərarlaşmışıq. Lakin bu dünyanın axırı deyil. Qarşıda bizi sonuncu dövrənin oyunları gözləyir. Cəmi 9 matçda meydana çıxmışam və bütün komandaların səviyyəsinə az-çox bələdəm. Bu üzdən “Sumqayıt”ın aşağı dəstəyə düşməyə layiq olmadığını deyə bilərəm. İnanıram ki, komanda elitada yerini qoruya biləcək. Bütün komanda ilə buna inanırıq.
- Son görüşlərdə “Sumqayıt” qapısında çox qol görür. Necə düşünürsən, bu komandanın müdafiəsinin zəif olmasından irəli gəlir, yoxsa rəqiblər güclüdü?
- İstənilən komanda “qara zolağa” düşə bilər. İstər “Sabah”, istərsə də “Qarabağ”la qarşılaşmada komandamızın oyunu alınmadı. Yenə deyirəm, “Sumqayıt” belə acınacaqlı məğlubiyyətlərə layiq komanda deyil. Uduzmuşuqsa, bütün komanda buna görə məsuliyyət daşıyır. Son dövrədə azarkeşlərin dəstəyi ilə nəyə qadir olduğumuzu sübut edəcəyik.
- Azərbaycana gələnədək İspaniya və İsraildə legioner həyatı yaşamısan. Bizim premyer-liqa ilə top qovduğun çempionatları müqayisə edərdin...
- İspaniya barədə danışmaq yersizdi. Orda çempionatın hansı səviyyədə olduğu futbolla maraqlanan hər kəsə məlumdu. İsrail çempionatına gəlincə, Azərbaycan premyer-liqası ilə demək olar eyni səviyyədədi. Bir dövrədi ki, Azərbaycanda legioner həyatı yaşayıram. Bu vaxt fikir formalaşdırmağa kifayət edir.
RƏŞAD