WBC versiyası üzrə superağır çəkidə çempion Tayson Füri WBA, IBF və WBO versiyaları üzrə çempion Aleksandr Usiklə birləşdirici döyüşün təşkili ilə bağlı keçirilən danışıqlarda iştirak etmədiyini deyib:
“Mən artıq işgüzar məsələlərin həllində iştirak etmirəm. Ona görə ki, belə danışıqlar məndə güclü stress və narahatlıq yaradır. Bu üzdən prosesə qatılmamağa üstünlük verirəm. Bir dəfə dərk etdim ki, mən istədiyim anda döyüş təşkil etmək olmaz. Məbləğ məni qane edəndə razılaşıram. Ancaq bəziləri danışıqları aylarla, hətta illərlə uzatmağı xoşlayır. Ona görə də mən bu zibildə iştirak etmirəm. Hüquqşünaslarıma və promouterlərimə milyonlar ödəyirəm. Qoy onlar bu işlə məşğul olsunlar”.
Ukraynalı Usik də bugünlərdə britaniyalı ilə mümkün döyüş haqda danışıb:
“Füri ilə döyüşə bütün başqa döyüşlər kimi yanaşıram. Bu döyüş də istənilən başqa döyüşüm kimi olacaq. Bu, məğlubedilməz böyük oğlanın WBC kəmərini daşıyan rəqiblə qarşıdurması olacaq. Mənə, sadəcə, bu döyüş lazımdı – vəssalam. Düşünürəm ki, ona da lazımdı. Bu döyüş ikimiz üçün də çox vacibdi. Çünki son 30 il ərzində superağır çəkidə mütləq çempion olmayıb. Bu üzdən döyüş ikimizə də lazımdı. Füri qarındı, böyük qarın. Əlbəttə, mən onun böyük qarnını dağıtmağı planlaşdırıram”.
Qaydasız döyüş ekspertləri bir müddət əvvələ qədər birləşdirici döyüşün yazda keçiriləcəyini deyirdilərsə, indi də aprelin sonunu işarə edirlər. Xatırladaq ki, Usik son döyüşdə Entoni Coşuaya, Füri isə Derek Çisoraya qalib gəlib.
"Football-plus.az"