Başlıq sizi çaşdırmasın. Söhbət ''Bavariya'' və ''Real''ın sabiq futbolçusu, hazırda Türkiyə yığmasının idman direktoru kimi çalışan Həmit Altıntopdan yox, onun qardaşı Xəlildən gedir.
"Football-plus.az" xəbər verir ki, 40 yaşlı Xəlil bundan sonra ''Bavariya''nın ''Bayern Kampus'' adlı akademiyasının idman direktoru kimi çalışacaq.
O, yeni təyinatı ilə bağlı bunları deyib:
''Yeni işimə başlamağı səbirsizliklə gözləyirəm. Mənə göstərilən etimada görə rəhbərliyə təşəkkür edirəm. İşimin faydalı alınması üçün əlimdən gələni edəcəm''.
Buna qədər ''Bayern Kampus'' akademiyasının idman direktoru vəzifəsini Holqer Zayts icra edirdi. Amma ''Bavariya''nın həvəskarlardan ibarət komandasını çalışdıran Martin Demiçelis ''River Pleyt''ə yollandığından Zayts onun postunu tutdu. Zaytsı da Altıntop əvəzlədi.
Daha öncə ''Kayzerslautern'', ''Şalke-04'', ''Ayntraxt'', ''Trabzonspor'', ''Auqsburq''un şərəfini qoruyan, Türkiyə yığmasında 38 oyun keçirən Altıntop əslində 2020-dən etibarən Münhen nəhənginin akademiyasında çalışır. O, ilk 2 ildə U-16 və U-17 komandalarını çalışdırmışdı. Son dönəmlərdə isə Altıntop akademiyada həm koordinator kimi işləyirdi, həm də ''Bavariya''nın başqa klublara icarəyə verdiyi oyunçuların durumunu yaxından təqib edirdi.
Əli