Demiçelis doğma klubuna qayıdacaq

18.11.2022 22:51 322
Dünya futbolu
“River Pleyt”in yeni baş məşqçisi müəyyənləşib. Komandanı sabiq oyunçusu çalışdıracaq.

Argentina nəhənginin hazırkı çalışdırıçısı Marselo Qalyardonun dekabrda vəzifəsindən ayrılacağı məlum idi. Paytaxt klubunun rəhbərliyi onun yerinə Martin Demiçelisi təyin etmək qərarına gəlib. 2019-21-ci illərdə “Bavariya”nın U-19, 2021-ci ildən isə əvəzedicilərdən ibarət komandasını çalışdıran 41 yaşlı mütəxəssis artıq Münhen klubunu tərk edib. Argentina millisinin sabiq yarımmüdafiəçisi “River Pleyt”də yeni ildən işə başlayacaq. Buenos Ayres klubunun yetirməsi olan Demiçelis “milyonçular”ın şərəfini 2000-03-cü illərdə qoruyandan sonra 7 il “Bavariya”da top qovub. Futbolçu karyerasını 2017-ci ildə “Malaqa”da başa vuran Martin həmin il İspaniya klubunda baş məşqçinin köməkçisi təyin edilib.

Argentina yığmasında 51 oyuna 2 qol vuran Demiçelis yeni təyinatı ilə bağlı bunları deyib:
“Vaxtilə Avropaya - “Bavariya”ya məhz “River Pleyt”in oyunçusu kimi gəlmişdim. İndi məşqçi kimi əks istiqamətdə geri qayıdıram. İnanılmaz faktdı! İki dəfə “Bavariya” ailəsinin üzvü olmağımla fəxr edirəm. Mənə bu imkanı yaradan və məni dəstəkləyən hər bir kəsə minnətdarlığımı bildirirəm. Bu klubu böyük razılıq hissi ilə tərk edir və ikinci doğma klubumdakı vacib vəzifələri səbirsizliklə gözləyirəm”.