Ronaldodan 62-ci het-trik! - MY rəhbərliyi ona medal verəcək?

28.02.2023 16:31 205
Dünya futbolu
Kriştiano Ronaldonun “Əl-Nəssr”dəki işləri, necə deyərlər, yağ kimi gedir. Ulduz futbolçu Səudiyyə Ərəbistanı çempionatının son oyununda növbəti qollarını vurub.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı hücumçu 18-ci turun “Damak”a qarşı səfər matçında het-trik edib.

18-ci dəqiqədə penalti ilə hesabı açan Ronaldo 23 və 44-cü dəqiqələrdə də qapıya yol tapıb. Komandası onun bu qolları ilə qələbə qazanaraq “Əl-İttihad”ın iki xal itirməsindən də yararlanmaqla turnir cədvəlində 43 xalla vahid liderliyə yiyələnib. Ronaldo ötən ilin dekabrında müqavilə bağladığı “Əl-Nəssr”in heyətində Səudiyyə Ərəbistanı çempionatında artıq 8 qol vurub. Xatırladaq ki, o, daha əvvəl “Əl-Vəhda” ilə oyunda (4:0) poker etmiş, “Əl-Fateh”in (2:2) qapısına isə bir dəfə yol tapmışdı.

Qeyd edək ki, 38 yaşlı Kriştiano artıq karyerası ərzində 62 dəfə het-trik edib. O, fəaliyyətdə olan futbolçular arasında bu planda liderdi. PSJ-nin hücumçusu Lionel Messinin hesabında 56 het-trik var. Ronaldo indiyədək klub səviyyəsində 52, Portuqaliya yığmasında isə 10 het-trikin müəllifi olub. Onun 30 yaşınadək bir oyunda 30 dəfə 3 və ya daha artıq qol vurduğunu, 30 yaşını tamamladıqdan sonra isə buna 32 dəfə nail olduğunu da bildirək.

Noyabrda “Mançester Yunayted”lə müqaviləsini pozaraq Avropanı tərk edən Kriştiano növbəti uğurunu belə şərh edib:

“Bu xüsusi axşam idi! Əla iş gördük, dostlar! Mən çox xoşbəxtəm, çox xoşbəxtəm. Amma komandanın uğuru daha vacibdi. Komandamız inanılmaz iş gördü. Futbolçularımız uğurun dalınca qaçdılar, mübarizə apardılar. Mənim üçün qol vurmaq vacibdi. Ancaq, dediyim kimi, komanda daha vacibdi. İndi “Əl-Nəssr”ə daha yaxşı uyğunlaşmışam. Müqavilə bağlayandan sonrakı ilk 5, 6, 7 oyun heç də asan keçmir. İndi oyundaşlarımın hərəkətlərini daha yaxşı anlayıram, onlar isə mənim hərəkətlərimi əvvəlcədən hiss edə bilirlər. Addım-addım daha yüksək səviyyəyə çata bilərik. Bu, mənim üçün ən vacib məsələdi”.


Yeri gəlmişkən, MY İngiltərə Liqa kubokunun qalibi olduğu üçün Ronaldoya da medal çata bilər. Bu məlumatı tanınmış jurnalist Canluka Di Martsio yayıb. Hücumçu cari mövsümə “Yunayted”də başladığı üçün medallardan birinə iddialıdı. Liqa kubokunun reqlamentinə əsasən, qalib komanda 30 medal alır ki, bunlar da oyunçulara verilir. MY turnirin cari mövsümündə 27 futbolçudan istifadə edib. Amma Ronaldo onların arasında olmayıb. Qalan üç medalın taleyini klub rəhbərliyi müəyyənləşdirəcək. Beləliklə, Ronaldo sabiq komandası turnirin qalibi olduğu üçün medal ala bilər. Amma heç bir oyunda iştirak etmədiyinə görə kubokun sahibi sayılmayacaq.