Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəssr” cümə axşamı Səudiyyə Ərəbistanı çempionatında növbəti oyununa çıxıb. Ər-Riyad klubu 16-cı turun səfər oyununda “Əl-Vehda” ilə qarşılaşıb.
Football-plus.az xəbər verir ki, “Əl-Nəssr” rəqibinə 4 cavabsız qolla qalib gəlib.
Bu nəticədən sonra xalını 37-ə çatdıran paytaxt komandası yenidən liderliyə yüksəlib. Qolların hamısını Ronaldo vurub. Portuqaliyalı hücumçu 21, 40, 51 və 61-ci dəqiqələrdə qapıya yol tapıb. 38 yaşlı futbolçu 15-ci turda “Əl-Fateh”lə keçirilən matçda (2:2) da fərqlənmişdi. Bu, onun “Əl-Nəssr”də ilk rəsmi qolu idi. Ulduz futbolçunun ölkə çempionatlarındakı qol sayı 503-ə çatıb. O, poker etməklə het-triklərin sayını 61-ə çatdırıb.
Kriştianonun 5 illik fasilədən sonra poker etdiyini də bildirək. O, bunu sonuncu dəfə 2018-ci ildə “Real”ın heyətində bacamışdı. Ronaldo “Jirona” ilə keçirilən matçda (6:3) 4 qol vurmuşdu.
Ulduz futbolçu “Əl-Vehda” ilə matçdan sonra əla hisslər keçirdiyini bildirib: “İnamlı qələbə qazandığımız matçda 4 qol vurmaq və 500-cü qolu rəsmiləşdirmək əla duyğudu”.