"Ötən mövsüm heyətdə olan futbolçuların çoxu böyük məbləğdə maaş alırdı" - Mingəçevir haray çəkir

8.11.2026 17:19 0
Ölkə futbolu / Manşet
"Mingəçevir"in maliyyə problemləri davam edir. "Nur şəhəri"nin təmsilçisi məhz bu səbəbdən ölkə çempionatının 1-ci liqasının 7-ci turunda evdə "Şahdağ Qusar"a qarşı keçirilməli olan matça çıxmadı. Aylardı ki, maaş ala bilməyən komandanın bu addımı texniki məğlubiyyət və 3 min manat cərimə ilə nəticələndi.

Sajlı azarkeşlərdən Vüsal Mahmudov klubun üzləşdiyi problemlər, Mingəçevir futbolunun indiki durumu haqda "Football-plus.az"a açıqlama verib:

"Şəhərimizin ürəyi futbolla döyünür. Mingəçevirdə ötən əsrin ortalarından bəri bu idman növü var. Bütün ölkə bilir ki, AFFA klubumuza dövlətin ayırdığı vəsaiti ödəməyi dayandırıb. Baş məşqçi və futbolçular uzun müddətdi maaş almır. Belə şəraitdə meydana çıxmamaq qərarı komandanın təbii haqqıdı. Düzdü, klub bu üzdən təkcə texniki məğlubiyyət almadı, həm də 3 min manat cərimələndi. Lakin rəhbərliyin bu problemlərdən çıxış yolunu qısa müddətdə tapacağını düşünürəm. Ötən mövsüm heyətdə olan futbolçuların çoxu böyük məbləğdə maaş alırdı. Təəssüf ki, pley-off mərhələsinə yüksəlsələr də, premyer-liqaya vəsiqə qazana bilmədilər. Üstəlik, həmin vaxtdan bəri xeyli borc yığıldı. Məncə, "Mingəçevir" Azərbaycan futbolunun döyünən ürəyidi. Şəhərimizdə milli komandalar üçün futbolçular yetişib. Burdan Ramiz Məmmədov, Ədəhim Niftəliyev kimi futbolçular çıxıb. Hazırda Mingəçevir futbolu çox bərbad vəziyyətdədi. Halbuki 1-ci liqaya gələ bilmək üçün böyük əzab-əziyyətlər görmüşük. İstəmirik ki, klub dağılsın, şəhərimiz futbola acdı. Komandamızın yaxşı vəziyyətdə olmasını arzulayırıq. Ötən mövsüm 1-ci liqada oyunları izləyən tamaşaçıların yarısı bizim şəhərimizin payına düşüb. Ümid edirik ki, Mingəçevir futbolu yenidən canlanacaq, inkişaf edəcək".

KƏNAN BAHADIR