O başqa məsələ ki, hər şey bizim üçün yaxşı başlamışdı. Yerli azarkeşlərin təşkil etdiyi atəşfəşanlıq, temperaturun cəmi 5 dərəcə olmasına rəğmən, ayaqüstə dayanaraq müxtəlif şüarlar səsləndirməsi “bayquşlar”a mənfi yöndə təsir etməmişdi. Qonaqlar bunu həm də 11-ci dəqiqədə Orfe Mbinanın qolu ilə hesabı açmaqla göstərdi. Təəssüf ki, bizimkilərin təzyiqi artırmaq, daha bir neçə qol vurmaq arzusu gözündə qaldı. Əlbəttə, bu baxımdan xeyli amilə sığına bilərik: futbolçuların Stavangerin özünəməxsus hava şəraitinə alışmaması, süni örtüyün təsiri, azarkeşlərin təzyiqi, yol yorğunluğu, sıx qrafik, təcrübəsizlik, Dambrauskasın taktiki səhvləri, Makkartinin qırmızı vərəqə alması, Zedadkanın penaltiyə səbəb olan hərəkəti, rəqibin Çempionlar Liqasının liqa mərhələsində ilk qələbəsini qazanmaq istəyi, səviyyəsi və daha nələr, nələr... İş ondadı ki, siyahını uzatmaq bizə nəsə qazandırmayacaq.
Ümumiyyətlə, hansısa möcüzə baş verməsə, “Sabah”ın bundan sonra Çempionlar Liqasında xal qazanmayacağı dəqiqdi. İndi itiriləcək nəsə qalmayıb. Amma itkilərdən danışırıqsa, “bayquşlar”ın azarkeşlərlə münasibətlərə daha diqqətlə yanaşmasında fayda var. Düzdü, klub özü ilə səfərə 200-dən artıq şərf apardı və stadionda olan azarkeşlərə bağışladı. İnsafən, təqdirəlayiq addım atıldığını deməliyik. Lakin həmin tərəfdarlar komanda üzvləri matçdan sonra onlara təşəkkür etmədiyinə görə incik qaldı. Hətta “Milli dəstə” azarkeş qrupu bu hadisə ilə bağlı “feysbuk” sosial şəbəkə hesabında paylaşım etdi:
“Hər matçdan sonra bütün oyunçuların azarkeşlərə gəlib təşəkkür etməsi onların borcudu! Qeyd-şərtsiz! Bunu hər dəfə xatırlatmaq lazımdı?! 300 azarkeş gəlmişdi, amma oyundan sonra cəmi 4-5 oyunçu və məşqçi gəlib təşəkkür etdi. Bir çox oyunçuya irad bildirdik. Bu məsələ hər oyunçuya çatdırılmalıdı və nəticədən asılı olmayaraq, biz 90 dəqiqə tribunada qalıb dəstək oluruqsa, oyunçular da buna qarşılıq verməlidi”.
Həqiqətən də, əyləşdikləri tribunaları Azərbaycan bayraqları ilə bəzəyən yüzlərlə azarkeş təşəkkürü haqq edirdi. “Sabah” onlara yalnız sosial şəbəkə hesabında “çox sağ ol” deməməli, həm də real ünsiyyət qurmalıdı. Axı klub Avropa meydanlarında davamlı görünmək istəyirsə, belə istəkli tərəfdarlara ehtiyacı olacaq.
Bu oyunda başqa maraqlı məqamlar da diqqətimizi çəkdi. Azərbaycanlı tərəfdarlar “Sabah”ın adını qışqıran kimi yerli azarkeşlər daha ucadan “Vikinq”, “Vikinq” deməyə başladı.
Oyunun startı ərəfəsində rəqib düşərgənin qələbə andı içməsi də maraqlı idi. Həmin düşərgədə olan Byarte Lunde Orşeym “Sabah” hesabı açanda əlindəki su butılkasını qəzəblə yerə çırpdı. Təəssüf ki, davamı gəlmədi...
KƏNAN BAHADIR





