Dünən dəhşətli zəlzələdən sonra fevralın 5-dən bu yana Türkiyə çempionatında yaşanan məcburi fasilə başa çatdı.
Football-plus.az xəbər verir ki, 23-cü turdan təxirə salınan 2 qarşılaşmada ''Kayserispor'' səfərdə ''Girəsunspor''dan üstün oldusa (2:1), ''Fənərbaxça'' öz meydanında ''Konyaspor''u 4 cavabsız qolla darmadağın edərək lider ''Qalatasaray''la xal fərqini 6-ya endirdi. ''Sarı-lacivərdlilər''in təcrübəli forvardı Enner Valensiya mükəmməl mövsüm keçirməkdə davam edir. Biri penaltidən olmaqla 2 qol vuran 33 yaşlı futbolçu bombardirlər yarışında liderliyini bir qədər də möhkəmləndirib. O, bu mövsüm superliqada iştirak etdiyi 19 qarşılaşmada 22 qol vurub. Bombardirlər cədvəlində 2-ci pillədə qərarlaşan ''Fatih Karagümrük''ün üzvü Fabio Borininin 13 qolu var. Orta hesabla hər oyuna 1,15 qol vuran Valensiya bu mövsüm bu göstəricidə Avropada hamını – hətta ''Mançester Siti''nin qol maşını Erlinq Holannı da üstələyir. Norveçli forvard premyer-liqada 23 oyuna 26 qol vurub və bu da hər oyuna orta hesabla 1,15 qol deməkdi. Ən əsası 23-cü turdan sonra qol sayını 22-yə çatdırmaqla Valensiya adını ''Fənərbaxça''nın tarixinə yazdırıb. İndiyə qədər ''Fənər''in heyətində mövsümün ilk 23 turundan sonra 22 qol vuran futbolçu olmamışdı! Əvvəlki rekord Tanju Çolaka məxsus idi. Çolak 1992/93-də 23 tura 21 dəfə fərqlənmişdi.