Enner Valensiya Ekvador yığmasını çiynində daşımaqda davam edir.
"Football-plus.az" xəbər verir ki, DÇ-2022-nin açılış oyununda Qətərin qapısına 2 dəfə yol tapan təcrübəli forvard dünən Niderland ilə qarşılaşmada (1:1) da meydanı qolsuz tərk etmədi. Buna qədər o, Ekvadorun DÇ-2014-də İsveçrə (1:2) və Hondurasa (2:1) qarşı keçirdiyi oyunlarda fərqlənməyi bacarmışdı. Başqa sözlə desək, Valensiya öz komandasının mundiallarda vurduğu son 6 qolun hamısının müəllifidi!
O, turnirin tarixində portuqaliyalı Eysebio (DÇ-1966), italiyalı Paolo Rossi (DÇ-1982) və rusiyalı Oleq Salenkodan (DÇ-1994) sonra bunu bacaran cəmi 4-cü futbolçu oldu. Göründüyü kimi əvvəlki 3 futbolçu bu 6 qolu 1, Valensiya isə 2 mundiala sığışdırıb. Bu 4 oyunçu arasında yalnız Rossi penaltidən qol vurmayıb. Valensiya 1, Salenko ilə Eysebio isə 2 qolu penaltidən vurub.