Konfrans Liqasının ilk pley-off oyununda “Qarabağ” minimal hesabla uduzan “Gent” dünən ölkə çempionatında növbəti oyuna çıxıb.
Heyn Vanhazebrukun komandası evdə “Leuven”ə 2:0 hesabıyla qalib gəlib. Kuypers 49-cu dəqiqədə hesabı açıb, 73-cü dəqiqədə də Kumsa assistentlik edib. “Qarabağ”ın rəqibinin Bakıdakı oyunla müqayisədə heyətdə hansı dəyişikliklərə əl atdığını müəyyənləşdirməyə çalışaq. Vanhazebruk Bakıda şans verdiyi oyunçulardan səkkizinə çempionat oyununda da ilk dəqiqələrdən güvənib. Bunlar Qodo, Nqade-Nqacui, Torunariqa, Kums, Honq, De Sart, Kuypers və Orbandı. Yalnız Deyfi Ruf, Cozef Okumu və Kastro-Montes meydana çıxmayıb. Sonuncunun da Bədavi Hüseynovla toqquşmada ciddi zədə aldığını bilirsiz. Baş məşqçi 2-ci hissədə Fofana, Depoytr və Van den Berqə də güvənib. Burdan belə nəticəyə gəlmək olar ki, Vanhazebrukun Qurban Qurbanov qədər heyətlə bağlı rotasiya etmək imkanı yoxdu. Çox güman, fevralın 23-də keçiriləcək cavab görüşündə də əsasən Bakıda gördüyümüz futbolçulara şans verəcək. Kəsəsi, “Qarabağ”ın meydana çıxıb bu işi bitirməsi lazımdı. Tarixi uğurun bir neçə günlüyünə gəlib çatmışıq. Son addımı atmaq qalır.
ORXAN