Daniele De Rossi SPAL-dakı işini itirib. İtaliya klubu baş məşqçini istefaya göndərib.
Buna B seriyasında çıxış edən komandanın uğursuz nəticələr göstərməsi səbəb olub. Klubun rəsmi saytının məlumatında 39 yaşlı mütəxəssislə yanaşı, köməkçilərinin də istefaya göndərildiyi bildirilib. Son 3 oyunda məğlub olan SPAL B seriyasında 24 oyuna topladığı 24 xalla 20 iştirakçı sırasında 18-ci yeri tutur.
Qeyd edək ki, De Rossi 2022-ci ilin oktyabrından çalışdırdığı SPAL-ı 17 oyuna çıxarıb. Komanda bu oyunlarda yalnız 3 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 8 məğlubiyyətlə üzləşib.
Artıq DÇ-2006-nın qalibinin xələfi məlumdu. Maraqlıdı ki, rəhbərlik De Rossinin yerinə daha bir dünya çempionunu - Massimo Oddonu təyin edib. 46 yaşlı mütəxəssisin imzaladığı müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. O, komandanın B seriyasındakı yerini qoruyacağı halda anlaşmanın müddəti avtomatik birilliyə artırılacaq.