Həsrət Cəfərov: “Qalır yaradılan şəraitin qarşılığında məşq etmək, Azərbaycan üçün uğur qazanmaq”

5.02.2023 23:30 511
İdman / Layihə / Manşet
“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə layihə çərçivəsində yazılarımız davam edir.

Diqqətlərimizi yenidən güləşə yönəltmişik. Budəfəki müsahibimiz Konyada keçirilən İslam Həmrəyliyi Oyunlarının qalibi, gənclər arasında dünya və Avropa çempionu, 67 kiloqrama qədər çəki dərəcəsində dünya və Avropa çempionatının bürünc mükafatçısı Həsrət Cəfərovdu.

- Həsrət bəy, müsahiblərə ilk sualımız onların idmana necə gəlməsi ilə bağlı olur. Ənənəmizi pozmadan bu sualı sizə də ünvanlayırıq. Siz güləşə necə gəldiz? Nə üçün məhz güləşi seçdiz? İlk məşqçinizi və məşqləri necə xatırlayırsız?
- İdmana ilk addımlarımı doğulduğum kənddə, Goranboy rayonunun Qaradağlı kəndində atmışam. Bunun da səbəbkarı qardaşım Vəfadar Cəfərov olub. Qardaşım da əvvəllər güləşlə məşğul idi. Kəndimizdə Bayram Bayramov uşaqlara güləş məşqləri keçirdi. Mən də həmin məşqlərə qoşuldum. Bu həvəs məndə qardaşıma baxaraq yarandı, atam da məni onunla birlikdə məşqlərə apardı. Əvvəlcə onların məşqlərinə baxırdım. Elə baxa-baxa da həvəsləndim. 3-cü sinifdə oxuyanda mən də məşqlərə qatıldım. Orta məktəbin yeddinci sinfinə qədər kəndimizdə oxudum və Bayram Bayramovun yanında məşq etdim. Ondan sonra Bakıya gəldim, Respublika Olimpiya Ehtiyatları İdman Liseyinə qəbul olundum. Həmin liseydə Vaqif Feyzullayevin rəhbərliyi altında məşq etməyə başladım. Beləcə böyük idmana doğru addımladım. Bu seçimimdən də çox məmnunam, sevinirəm ki, güləşlə məşğul olmağa qərar vermişəm.

- Karyeranıza nəzər salanda görürük ki, artıq yeniyetmə yaşlarınızdan beynəlxalq yarışlarda uğur qazanmağa başlamısız. Bu uğurun sirrini nədə görürsüz? Uğur qazanmağınızda daha çox məşqlərdəki zəhmət rol oynayır, yoxsa istedad?
- Sözsüz, bu nəticələrin arxasında zəhmət dayanır. Amma tək zəhmətlə də nəticə qazana bilməzsən. Buna paralel olaraq idman rejiminə əməl etməlisən. Bu da nə deməkdi? Qidalanmağına, yuxu rejiminə diqqət yetirməli, qaydalara riayət etməlisən. Məşqlərə də vaxtlı vaxtında getməlisən. Düşünsən ki, yaxşı məşq edim, sonra gedim istədiyimi yeyim, istədiyim qədər yatım – bu düşüncə məşqlərdə çəkdiyin zəhməti də heçə endirəcək. Düzdü, istedadın da rolu var, amma bu amilin təsiri də müəyyən yerə qədərdi. O qədər istedadlı güləşçilər olub ki, rejimə əməl etməyiblər. Nə qədər istedadlı olsan da, rejimə əməl etməsən, müəyyən yerə qədər güləşə biləcəksən. Həmin yerdən o tərəfə istedad rol oynamayacaq. O mərhələdən sonra əsas olan zəhmət, rejim, düzgün qidalanmaqdı. Düzgün və yerli yerində məşq etməlisən.

Həsrət Cəfərov: “Qalır yaradılan şəraitin qarşılığında məşq etmək, Azərbaycan üçün uğur qazanmaq”


- Yeniyetmələr və gənclər arasında yetərincə ciddi uğurlar qazanmısız. Bundan sonrakı hədəfləriniz hansılardı? Sizcə, bir idmançı üçün karyeranın zirvəsi hansı uğur sayılır?
- Bəli, gənclər arasında dünya və Avropa çempionu olmuşam. Amma bu nəticələrlə kifayətlənə bilmərəm. Bu uğurlar böyük güləşdəki uğurlara doğru atdığım addımlardı. Həmin mərhələləri keçməklə böyük idman üçün püxtələşirsən. Yeniyetmələr və gənclər arasında güləşdikcə möhkəmlənirsən, təcrübə qazanırsan. Böyüklər arasında isə hər şey tam başqa cürdü. Orda uğur qazanmaq üçün daha ciddi məşqlər etməlisən. Sözsüz, idmanda uğurun zirvəsi olimpiya çempionluğudu. Məşqlərə yanaşman, çalışqanlığın ideal səviyyədə olmalıdı ki, həmin o zirvəyə çata biləsən. Bundan sonrakı hədəflərim də böyüklər arasında Avropa və dünya çempionu olmaq, ondan sonra da 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarına çempion kimi yollanmaqdı. Orda da çempion olub, bayrağımızı yüksəltmək, vətənə olimpiya çempionu kimi qayıtmaq istəyirəm.

- Bəzən valideynlərdə övladlarınını idman bölmələrinə göndərməklə bağlı tərəddüd yaranır. Onlar övladlarının təhsildən uzaq düşəcəyindən narahat olurlar. Siz bu barədə nə düşünürsüz? İdmanla məşğul olmaq oxumağa mane olurmu?
- Bu fikirlə razılaşa bilmərəm. Hər şey insanın özündən asılıdı. Düzdü, müəyyən çətinliklər olur, amma onları da həll etmək, öhdəsindən gəlmək olar. Biz idmançılar ali təhsil alırıq, bunun üçün İdman Akademiyasında müvafiq şərait yaradılır. Boş vaxt tapan kimi bədii ədəbiyyat da oxuyuruq, məlumat və informasiya da toplayırıq.

- Son sualım Azərbaycanda güləşin hazırkı durumu ilə bağlıdı. Bir güləşçi kimi siz hansı problemlərlə qarşılaşmısız və onların həlli yollarını necə görürsüz?
- Problemlərə gəlincə, hər şey göz qabağındadı. Bugünkü nəticələrə baxaq, nəticələr özü göstərir ki, yaradılan şərait yüksək səviyyədədi. Hansısa problemdən danışa bilmərik. Dövlət səviyyəsində idmançılara qayğı göstərilir, şərait yaradılır. Hər şeylə idmançılar təmin olunur. Qalır idmançının yaradılan şəraitdən istifadə etməsi, məşq edib, Azərbaycan üçün uğur qazanması.

İLKİN SULTANLI

[b]Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə, “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul