Laval “Aroka” ilə anlaşdı, Pato da gedir

31.01.2023 22:51 305
Premyer-liqa / Manşet
Misli premyer-liqasının 20-ci turu çərçivəsində sabah, saat 17.30-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarılıb.

Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) manat olan biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin onlayn şəkildə əldə etmək olar. “Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü, saat 12.00-dan etibarən satışda olacaq.

Yeri gəlmişkən, "Neftçi" kapitanı Emin Mahmudova yeni müqavilə təklif edib. Bu barədə "Neftçi TV" məlumat yayıb. Bildirilib ki, klub tərəfindən 31 yaşlı yarımmüdafiəçiyə şifahi şəkildə yeni müqavilə təklif olunub. Yaxın günlərdə isə tərəflər rəsmi danışıqlar üçün masa arxasına keçəcəklər. Bundan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Qeyd edək ki, mövsüm sonunda "Neftçi" ilə müqavilə müddəti bitəcək Mahmudovun xidmətində bir neçə klub maraqlıdı.

Bununla yanaşı, flaqman bir futbolçusu ilə yolları ayıra bilər. Belə ki, komandanın braziliyalı üzvü Gilyerme Pato ilə müqaviləyə xitam veriləcəyi gözlənilir. "Neftçi TV"nin dünən yaydığı məlumatda hazırkı durumda Patonun komandada qalıb-qalmayacağına yaxın günlərdə aydınlıq gələcəyi bildirilib. Braziliyalının müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır.

"Neftçi"dən gedən nigeriyalı Yusuf Lavalın Portuqaliyanın "Aroka" klubuna keçidi isə rəsmiləşib. 24 yaşlı cinah yarımmüdafiəçisi 3,5 illik müqaviləyə imza atıb. Portuqaliya təmsilçisi vingerin transferini video ilə açıqlayıb. O, yeni komandasında "7” nömrəli formanı geyəcək. Qeyd edək ki, Laval "Neftçi"yə 2020-ci ilin yayında Belçika "Lokeren"indən keçib. Futbolçu "ağ-qaralar"la vidalaşıb. Hücumameylli yarımmüdafiəçi bununla bağlı özünün “instaqram” səhifəsində paylaşım edərək azarkeşlərə, klub rəhbərliyinə və sabiq komanda yoldaşlarına minnətdarlığını bildirib:
"Təşəkkürlər, "Neftçi" ailəsi! 30 ay ərzində məni sevgi ilə qarşıladıqları üçün Bakı şəhərinə və bütün azarkeşlərə "çox sağ ol" deyirəm. Klub prezidenti Kamran Quliyevə böyük hörmətim var. Baş məşqçi Laurentsiu Regekampfa və onun bütün heyətinə təşəkkür edirəm. Xüsusilə idman direktoru Zaur Əzizovlə menecer Qədir Həsənova. Nəhayət, mənimlə işlədiklərinə və böyüməyimə kömək etdiklərinə görə komanda yoldaşlarıma minnətdarlığımı bildirirəm. Əminəm ki, tezliklə yenidən görüşəcəyik. Çünki futbol qlobal ailə işidi. Hamınıza təşəkkür edirəm, Allah sizdən razı olsun".


İLKİN SULTANLI