''Fənər'' qalib gəldi, Jezuş sözünə görə üzr istədi

24.01.2023 13:27 366
Dünya futbolu
Dünən Türkiyə çempionatında 20-ci tura 2 oyunla yekun vuruldu.

Football-plus.az xəbər verir ki, ''Konyaspor'' Aleksandar Stanoyeviçin başçılığı altında keçirdiyi debüt matçında öz meydanında ''Ankaragücü''yə minimal hesabla məğlub oldu. ''Fənərbaxça'' isə böyük çətinliklə də olsa, autsayder ''Ümraniyəspor''u səfərdə yenməyi bacardı. Meydan sahiblərinin son anlarda vurduğu qol hakimin VAR-a baxmasından sonra ləğv olundu. ''Fənər'' bu qələbə ilə həm lider ''Qalatasaray''la 4 xallıq fərqi qorudu, həm də ilk dəfə ''Ümraniyəspor''u yendi. Nə qədər qəribə səslənsə də, İstanbul nəhəngi buna qədər bu rəqibə qarşı keçirdiyi 3 rəsmi oyunun hamısında qələbəyə həsrət qalmışdı (1 heç-heçə, 2 məğlubiyyət)!

Bu arada ''Fənər''in çalışdırıcısı Jorje Jezuş oyundan sonra stadionla bağlı dediyi sözlərə aydınlıq gətirdi.

Xatırladaq ki, məhşur mütəxəssis matçdan öncə ''Ümraniyəspor''un stadionunun bərbad durumda olduğunu bildirmiş, burda futbol oynamağın düzgün olmadığını qeyd etmiş və onun sözləri birmənalı qarşılanmamışdı. ''Ümraniyəspor''un prezidenti Tarık Aksar isə ''Jezuş gedib Portuqaliyadakı stadionların qeydinə qalsın'' tipli açıqlama vermişdi. Jezuş dünənki matçın ardından keçirilən mətbuat konfransında məsələyə aydınlıq gətirərək sözlərinə görə hətta üzr istəməyi də lazım bildi:

''Qalatasaray'' və ''Trabzonspor'' ''Ümraniyəspor''a qarşı səfər oyunlarını bu stadionda keçirməmişdilər. Onlar başqa yerdə oynamışdılar. Mən yalnız ot örtüyü ilə bağlı fikrimi bildirmişdim. Stadionun özü və fanatlar haqda bir söz deməmişdim. Sözüm yanlış anlaşılıbsa, üzr istəyirəm''.


''Ümraniyəspor''un başqanı Tarık Aksar isə Jezuşun üzrxahlığına maraqlı reaksiya bildirib:

''Fənərbaxça'' bu oyunda xal itirsəydi, Jezuş üzr istəməzdi''.