''Konyaspor''un ev oyunlarını keçirdiyi ''Konya Böyükşəhər Stadionu''nun ot örtüyünün bərbad vəziyyətdə olması komandaya problem yaratmaqda davam edir.
Football-plus.az xəbər verir ki, bu şəhərdə keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi bu arenada baş tutmuşdu. Məhz həmin mərasimdən sonra ot örtüyü bərbad vəziyyətə düşmüşdü. Buna baxmayaraq Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ''Vaduts''a qarşı oyunu başqa stadiona keçirilmədi və ''Konyaspor'' 2:4 hesabı ilə yenilərək mübarizəni dayandırdı. Amma dünən ''Konyaspor'' ''İstanbul BŞ''yə qarşı ev oyununu Əskişəhərdə keçirdi.
Bu arada komanda növbəti ev oyunu üçün Türkiyə Futbol Federasiyasına müraciət edib. Konya təmsilçisi gələn tur səfərdə ''İstanbulspor''la qarşılaşacaqsa, 4-cü turda öz meydanında ''Fənərbaxça''nı qəbul etməli olacaq. ''Konyaspor'' ''Fənər''ə qarşı ilk dövrədəki oyunun səfərdə baş tutması üçün federasiyaya rəsmən müraciət edib. Yəni komanda ''Fənərbaxça''ya qarşı ev oyununun ikinci dövrəyə keçirilməsini istəyir.