Buna rəğmən, ölkəmizə təşrif buyuran legionerlər bir müddət burda çıxış edəndən sonra daha səviyyəli komandalara və çempionatlara üz tutur. Dino Ndlovu, Patrik Andrade, İbrahima Vaci, Kadi Borğes və başqalarını buna nümunə göstərmək olar. Yayda isə Kvabena Ovusu onların sırasına qoşulacaq.
Görəsən, nə üçün yerli futbolçulara, əsasən də "Qarabağ"ın heyətində illərdi avrokubokların qrupunda oynayanlara bu xoşbəxtlik nəsib olmur? Bu sualı aydınlaşdırmaq üçün təcrübəli menecer Səbuhi Səfiyarlının fikirlərini öyrəndik:
"Bunun əsas səbəbi futbolçularımızın səviyyəsinin aşağı olmasıdı. Uşaq futbolu arzuolunan durumda deyil. Ona görə də bizim futbolçular “böyük beşlik” və “2-ci eşelon” çempionatları bir kənara, heç Rusiya premyer-liqası təmsilçilərinin diqqətini çəkmir. Uşaq futbolu və çempionatımızın səviyyəsi yüksəlməsə, xaricə nə futbolçu ixrac edəcək, nə də səviyyəli klubların diqqətini çəkəcəyik".





