Açıqlamada türkiyəli ulduzun müqavilə müddətinin 2032-ci ilin iyunun 30-na qədər uzadıldığı qeyd olunub. Amma Türkiyə mənbələri müddətin 2031-ə qədər olacağını vurğulayırdılar. Açıqlamada Ardanın kluba 18 yaşında qoşulduğu, ''Real''da 4-cü mövsümünü keçirdiyi, 126 oyuna çıxdığı və indiyə qədər 1 Çempionlar Liqası olmaqla 5 titul qazandığı xatirladılıb. ''Real''ın açıqlamasında Türkiyə yığmasının üzvünün yeni maaşı ilə bağlı heç nə qeyd olunmayıb. Amma Türkiyə mənbələrində bildirilirdi ki, yeni müqavilədən sonra onun maaşı 6,5 milyon avrodan 8 milyon avroya yüksəldiləcək.
Arda özü də ''instaqram'' səhifəsində bununla bağlı paylaşım edib. Onun 6 saat ərzində 1 milyondan çox ''layk'' toplayan paylaşımında bu sözlər qeyd olunub:
''Bu formanı ilk dəfə əynimə keçirdikdə böyük bir tarixin parçası olacağımı bilirdim. Bu gün də eyni qüruru və xoşbəxtliyi yaşayıram. Amma daha böyük məsuliyyətlə. Dünyanın ən böyük klubunda adlarını tarixə yazdırmış əfsanələrin açdığı cığırla irəliləmək mənim üçün böyük fəxrdi. Arzum bu formanı uzun illər geymək, birlikdə yeni kuboklar qazanmaq və adımı bu klubun tarixinə yazdırmaqdı. İlk gündən bəri yanımda olan hər kəsə, xüsusilə başqanımız Florentino Peresə, ailəmə, komanda yoldaşlarıma və birlikdə çalışdığım bütün məşqçilərə təşəkkür edirəm. Və ən özəl təşəkkür bizə hər zaman dəstək verən dünyanın dörd bir yanındakı madridistalara düşür. Bu klubun bir parçası olmaqda davam edəcəyim üçün xoşbəxtəm. 2032''.





