Kamran İbrahimov şans qazanmamasını zədələrlə əsaslandırdı

30.12.2022 21:15 478
Premyer-liqa / Manşet
"Kəpəz"in elitaya yüksələndən sonra sıralarına qatdığı futbolçulardan biri də U-21 yığmamızın və "Neftçi"nin sabiq qapıçısı Kamran İbrahimov idi.

İlk 6 turda komandasının qapısını qoruyan qolkiper Tərlan Əhmədovun “sükan arxasına” keçməsiylə ehtiyatda qaldı. Onunla söhbətdə bu və başqa mövzulara toxunduq.

- Öncə premyer-liqanın ilk yarısını qiymətləndirərdin...
- Çempionata uğursuz start etdik. Ardıcıl 4 oyunda uduzduq. Baş məşqçi dəyişikliyi oldu. Amma komanda tədricən toparlandı və 7-ci turdan sonra ilk qələbəmizi və xalımızı qazandıq.

- Sonuncu dəfə 6-cı turda meydana çıxmısan. Tərlan Əhmədovun geridə qalan 12 turda sənə şans verməməsinin səbəbi nədi?
- Yuxarıda qeyd etdiyim kimi, çempiona yaxşı başlamadıq. Bəzi oyunlarda mən də səhvlərə yol verdim. Amma şans qazanmamağımın əsas səbəbi aldığım zədələrlə bağlıdı. Bu mövsüm də tez-tez zədələndim.

- Çıxışından razısan?
- Xeyr. Düşünürəm ki, "1 nömrə" olmaq üçün daha yaxşı forma yığmalıyam.

- Komanda yoldaşın Orxan Sadıqlı hazırda əsas qapıçıdı. Onunla bağlı nə deyə bilərsən?
- Orxan təcrübəli qapıçıdı. Onu "Xəzər Lənkəran" və "Zirə"dəki çıxışından tanıyıram. Qapı xəttində sabit, soyuqqanlı çıxış edən və üzərində daim çalışan biridi.

- "Neftçi" çempionatın ilk yarısında inamlı çıxışla diqqət çəkmədi. Sabiq komandanın durumu haqda nə düşünürsən?
- Hər bir komandanın yaxşı-pis dönəm olur. "Neftçi" də mövsümün ilk yarısında şanssızlıqlar yaşadı. Amma inanıram ki, qış fasiləsindən sonra daha yaxşı çıxış edəcəklər.

- "Kəpəz"i tərk etmək ehtimalın var?
- 50-nin 50-yədi.

- Danışıq apardığın klublar var?
- Hələ ki yox.

- Legioner həyatı yaşamağı düşünürsən?
- Maya qədər belə ehtimal yoxdu. Amma gələcəkdə bu barədə düşünərəm.

- Səni qış fasiləsində sonra daim əsas heyətdə oynayan görə biləcəyik?
- Daim üzərində çalışıram. Özüm də inanıram ki, inşallah, daha yaxşı çıxışla diqqət çəkəcəm.

ABDULLA İSMAYILOĞLU