Misli premyer-liqasının 18-ci turunda "Neftçi" "Şamaxı"nı məğlub edib.
Football-plus.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Vüqar Əsgərli matç haqda fikirlərini səsləndirib:
"Azarkeşlərimizə təşəkkür edirəm. Uzun yol qət etdilər ki, bizi tək qoymasınlar. Çətin oyun olacağını bilirdik. İlk hissədə qol imkanlarımız olsa da, yararlana bilmədik. “Neftçi” təcrübəsindən yararlandı. İkinci hissədə çox üstün oynadılar. Yaxşı dövrə keçirdik. Futbolçularımızla fəxr edirik. Onların gələcəyi qabaqdadı.
- Fasilədən sonra ilk yarıdakı oyunu göstərmək üçün nə çatmadı?
- Çox irəli atıldıq. Qol vurmaq istəyirdik. İtkilərimiz də var idi. Qurban Səfərovu qırmızı vərəqə almaması üçün əvəzlədik. O boşluğu doldura bilmədik.
- Onun intizamında problemlər görünür...
- İntizamla bağlı çox işlər görürük. Perspektivli futbolçudu. Onu itirə bilmərik. Hər dəfə oyundan əvvəl çox istəkli olur. Biz deyirik ki, aqressiv olmamalısan. Bu gün sarı vərəqə almasında intizamsızlıq yox idi.
- Elvin Məmmədovun yoxluğu hiss olunur. Bir təcrübəli oyun qurucusu və dayaq yarımmüdafiəçisi transferi mümkündü?
- Elvinin olmaması çox təsir edir. Bir neçə mövqedə problemlərimiz var. Gənc oyunçular axtarırıq. İşimiz onları inkişaf etdirməkdi. Komanda 1-2 nəfərdən ibarət deyil. Amma bəzi təcrübəli oyunçuların olması üstünlüyümüzdü.
- Bir neçə tur idi, komanda uduzmurdu. Bu dəfə 3 qol buraxdız. Müdafiənin belə zəif təsir bağışlaması nə ilə bağlı idi?
- Eyni qaydada davam edirdik. Buraxdığımız ilk qol diqqətsizlikdən oldu. Ani səhv idi. Müdafiə planında yaxşı oynadıq.
- “Kəpəz”dən ayrılmaq üzrə olan Rauf Əliyev, Əfran İsmayılov və Elvin Yunuszadənin komandanız gəlişi mümkündü?
- Bu barədə danışmırıq. Əvvəllər var idi. İndi gənc futbolçuları heyətimizə cəlb etmək istəyirik. Bilmək olmaz. Sabahdan baxacağıq.