Misli premyer-liqasında 17-ci turun oyunları keçirilir.
"Sumqayıt" evdə "Səbail"i məğlub edib - 2:0. Matçdan sonra meydan sahiblərinin çalışdırıcısı Samir Abasovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
"Azarkeşlərimizi təbrik edirəm. Qış fasiləsinə kimi bəlkə də sonuncu yerdən qurtulduq. Qışdan sonra oyunumuzu daha da yaxşılaşdıracağıq. Matç həddən artıq gərgin keçdi. Əsasən də birinci hissə. Qol vurandan sonra rəqib tərəfdən böyük təzyiqlə üzləşdik. Futbolçularım bunun öhdəsindən gələ bildilər. İkinci hissədə daha rahat idik. İkinci qolu da vurduq. Əks-hücumlarda epizodlar yaxalaya bildik".
- Üç oyundu ki, "Sumqayıt" məğlub olmur. Komandanın "qara zolaq"dan çıxdığını düşünmək olar?- Turnir cədvəlində vəziyyətimizə görə 7 xal toplasaq da, rəqiblərimizdən çox irəli gedə bilmədik. Bu gün bir oyunda məğlub olsaq, yenə eyni vəziyyətə düşə bilərik. Bunun üzərində dayanmayaq, daha da yaxşılaşaq. Qışdan sonra evdəki oyunlar önəmli olacaq. Bunları qalibiyyətlə başa vura bilsək, oyunumuzu da tapmış olarıq. Təlim-məşq toplanışı da bizə kömək olacaq.
- Bu gün 16 yaşlı Nihat Əhmədzadəni meydana buraxdınız. Onda potensial görürsüz?
- Yüz faiz. Burda yaşayıram, Sumqayıt futboluna yaxın adamam. Komandaya gəlməmişdən də bilirdim ki, burda belə bir uşaq var. Uşaq vaxtı Türkiyəyə də gedib. Potensialı var. Biz gələndən sonra artıq məşqlərimizə də qoşulurdu. Futbolçuya birinci lazım olan şey insanlıqdı. Bu, Nihatda yüksək səviyyədədi. Birinci onun valideynlərinə "sağol" düşür ki, bu cür uşaq böyüdüblər. Bundan sonra nə olacağı isə bizə aid olan bir şeydi. Azərbaycanlı futbolçuların "çaşma" məsələsinə gəlirəm. Mənim üçün yaş fərqi yoxdu. Burda işləyəndə Səbuhi Abdullazadəni birinci dəfə biz oynatmışıq. İndi görürsüz ki, hansı səviyyəyə çatıb. Nihatda da bunu görürük. Belə uşaqlarımız yetişsin ki, kompüterin qabağında legioner axtarmayaq.
- Növbəti turda rəqibiniz son oyunlarda xal itirən "Sabah"dı. Onlara növbəti xal itkisini yaşada biləcəksiz?
- "Sabah" güc baxımından demək olar ki, eyni səviyyədə olan komandalarla görüşlərdə xal itirib. Biz isə fərqli səviyyəli rəqiblərlə oynamışıq. Bizim yanımızda olan "Kəpəz" və üst sıralarda olan "Qəbələ". "Sabah"a qarşı başqa oyun oynamalıyıq. "Sabah"ın son matçları eyni məcrada keçib, sadəcə qələbə qazana bilməyiblər. Düşünürəm ki, qeyri-adi şeylər baş verməsə, bizimlə də eyni oyun olacaq. Sözünün canı odu ki, "Kəpəz", "Səbail" hansısa anda bizi bağışlayırdısa, vura bilmirdisə, inanmıram ki, "Sabah"la qarşılaşmada belə bir şey olsun. Bu yöndə diqqətli olmalıyıq. Həmin boşluqları "Sabah"a versək, meydandan suyu süzülə-süzülə çıxacağıq.
- Qış hazırlıq planı ilə bağlı nə deyə bilərsiz?
- Klub rəhbərliyi ilə hər gün danışırıq. Dünən gecə saatlarında bazanı tərk etmişik. Artıq planlarımız bəllidi. Yanvarın 5-i Antalyaya gedəcəyik. Orda yoldaşlıq görüşlərimiz olacaq. Transferlər də edəcəyik. Komandadan gedənlər də olacaq əlbəttə. Amma ad vermək istəmirəm.
- Artıq futbolçuların Samir Abasovun fəlsəfəsini qavramağa başladığını düşünmək olar?
- Bəli, qavramağa başlayıblar. İlk gəldiyimiz vaxta baxanda oyunçular etdikləri səhvləri azaldırlar. Amma qavranaqdan əlavə bunu meydanda etmək də lazımdı.