Misli premyer-liqasında 17-ci turun oyunları keçirilir.
"Sumqayıt" evdə "Səbail"dən üstün olub - 2:0. Matçdan sonra qonaqların çalışdırıcısı Mahmud Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
"Məğlub olmaq istəmirdik. Müdafiədə çox pis oynayırıq. İki korner qapımıza iki qolla nəticələndi. Bu da oyunun taleyini həll etdi. Ümumi götürəndə heç də pis oynamırdıq. Hesabı bərabərləşdirmək üçün şanslarımız var idi. Amma istifadə edə bilmədik. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm, lakin təhlükəli qol epizodları yaratmadılar. Start heyətdə meydana çıxan oyunçularda yorğunluq var idi. Birinci hissədə bu, hiss olunurdu. Ağır kubok matçından çıxmışdıq. Heyəti dəyişmədik. Deyiləsi söz çoxdu. Futbolçulara deyiləcək. Belə müdafiə olunmaq olmaz".
- İlk hissədə meydanda aqressiv, hesabı bərabərləşdirmək istəyən "Səbail" görürdük. ikinci hissədə isə komanda sönük təsir bağışladı. Bunun səbəbi nədi?
- Oyundan qopmağın səbəbi yorğunluq idi. Bu da başadüşüləndi. Ona görə də əvəzetmələr etdik. Əvəzetmələr oyunu canlandırdı. Görüşün sonunda da hesabı bərabərləşdirmək üçün yaxşı şanslar var idi.
- Komandanız ikinci dövrədə iki xal toplayıb. Bunun səbəbi nədi?- Biz nəticə üçün oynayırıq. Səbəb müdafiədə zəif oynamağımızdı.
- Komandadan gedənlər bəllidi? Qışda neçə transfer edəcəksiz?
- Qarşıda iki oyun var. Ehtiyat qüvvəmiz elə çox deyil. Matçlar bitəndən sonra kimlərlə yola davam edəcəyimizi dəqiqləşdirəcəyik.
- Qarşıda vacib kubokun cavab görüşü var və bu gün Mazurek zədələndi. Onun durumu necədi?- Onun durumu sabah bilinəcək. Bundan sonra qərar verəcəyik. Deyəsən əzələsi dartılıb.