''Real''ın uğurlu oyunlar seriyası davam edir.
Dünən La Liqanın 33-cü turunda Madrid nəhəngi səfərdə ''Osasuna''nı 3:1 hesabı ilə yenərək çempionluğa bir addım da yaxınlaşdı. Karyerasının ən yaxşı mövsümünü keçirən və son oyunlarda vurduğu vacib qollarla ön plana çıxan Kərim Benzema bu dəfə mənfi tərəfdən fərqləndi. Təcrübəli forvard bu qarşılaşmada iki penaltidən yararlana bilmədi. Hər iki halda eyni küncü nişan alan təcrübəli futbolçunun zərbələrini rəqib qapıçı dəf etməyi bacardı. Bununla da Benzema son 16 ildə İspaniya çempionatında bir oyuna 2 penaltini boşa verən ilk futbolçu oldu! Sonuncu dəfə bu uğursuzluğu 2006-nın aprelində ''Betis''lə görüşdə ''Espanyol''lu Raul Tamudo yaşamışdı. Benzema bu mövsüm La Liqada artıq 11 penaltidən 4-nü boşa verib. O, 2005/06-dan bu yana ''Real''ın heyətində bir mövsüm ərzində ən çox penalti qaçıran futbolçuya çevrilib.