"Rusiya çempionatında oynasaq heç kimdən qorxmazdıq" - Murad Musayev

13.11.2022 19:48 351
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 14-cü tura yekun vurulub.

"Sabah" - "Qarabağ" matçı qolsuz başa çatıb. Oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Murad Musayevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Komandama təşəkkür edirəm. Nəticəyə görə yox, bu gün uşaqlar əllərindən gələni etdilər. Yüksək ritm, döyüşkənlik var idi. Tribunaları dolduran azarkeşlərə də təşəkkür edirəm. Bildiyim qədərilə bu gün rekord qeydə alındı. Futbol belə olmalıdı. Azərbaycan premyer-liqasını da bu cür görmək istəyərdim. Qol olmasa da, biz müasir futbolu gördük. Çox enerji xərcləndi. Daim bu cür futbol oynamağa çalışmalıyıq".


- Sizcə, daha çox hansı komanda qələbəyə layiq idi?
- Heç-heçəni qanunauyğun sayıram. Oyunun ortalarında biz daha yaxın idik qələbəyə. İki dəfə topumuz dirəyə tuş gəldi. Amma sonlarda "Qarabağ"ın üstünlüyü var idi.

- Azarkeşin çox olması komandanın çıxışına nə dərəcədə təsir etdi?
- Əlbəttə ki, bu çox vacib faktdı. Daim deyirəm ki, Azərbaycan klublarının avrokuboklar oyunlarında 30 min azarkeş gəlir. Hətta BOS-da da tribunalar dolu olurdu. Azərbaycanda futbolu sevirlər. Dolu tribuna qarşısında olanda futbolçular güc alır. Biz azarkeşlər üçün oynayırıq. Futbolçular üçün önəmlidi.

- Qələbə üçün nə çatmadı?
- Yaxşı imkanlarımız var idi. Sadəcə olaraq, onları reallaşdıra bilmədik. 3-4 epizodlar var idi ki, qol vura bilərdik. Əfsuslar olsun ki, bundan yararlana bilmədik.

- Çempionluq uğrunda rəqabət qızışa bilər?
- İndidən hansısa yerlər üçün oynamaq lazım olduğunu düşünsək, bizə mane olcaq. Futbol elədi ki, hər an hər şey dəyişə bilər. Növbəti oyunumuz kubokdadı. Ona hazırlaşırıq.

- Bugünkü oyuna görə komandaya hansısa mükafat olacaq?
- Bilmirəm bunu deyə bilərəm, ya yox. Amma uşaqlara bu gün qələbəyə görə qoyulan mükafat veriləcək.

- Rusiya mətbuatına açıqlamanızda demisiz ki, "Qarabağ" "Zenit"lə çempionluq uğrunda mübarizə apara bilər. "Sabah" necə, Rusiya premyer-liqasında hansı yerlər üçün oynaya bilər? Qışda transferlər olacaq?
- Rusiya premyer-liqasında nə edə biləcəyimizin proqnozunu vermək çətindi. Hamı ilə mübarizə aparardıq, heç kimdən qorxmazdıq. Bugünkü kimi oynayardıq. Qışda transfer etmək çətindi. Hələ ki, transfer danışıqları yoxdu. Yenilər komandanın oyununa adaptasiya olurlar. Maraqlı variant olsa, edəcəyik. Amma komandada olan uşaqlardan razıyam.

- Oyundan sonra Qurban Qurbanovla nə danışırdınız?
- "Qarabağ"a hörmətim var. Şadam ki, onlara qarşı oynayıram. Bir-birimizə oyuna görə təşəkkür etdik. O, komandamız haqda öz fikirlərini deyirdi. Mən də "Qarabağ" barədə öz düşüncələrimi ona bildirdim.