“Mançester Yunayted” 2017-dən bəri premyer-liqada bu komandaya uduzmur

26.10.2022 23:30 342
Dünya futbolu
İngiltərə premyer-liqasının 13-cü turunda “Çelsi” ilə “Mançester Yunayted” azarkeşlərə futbol tamaşası bəxş etdi.

Football-plus.az xəbər verir ki, dramatik, gərgin, fiziki mübarizə ilə yanaşı, baş məşqçilərin taktiki qərarları ilə zəngin olan oyunun süjetində tez-tez dönüşlər yaşanırdı. MY ilk yarıda rəqib üzərində total üstünlük yaratdığından şir kimi çarpışan Kepanın qapısına qol zaman məsələsi kimi görünürdü. Potter isə oyunun belə axarı ilə razılaşmadığından artıq fasiləyə qədər dəyişikliyə əl atdı. Onun əvəzetməsi oyunu bərabərləşdirməyə imkan verdi. Ten Haq isə həmkarının taktikanı dəyişməsinə 2-ci hissənin əvvəlində reaksiya verdi. Bərabər səviyyədə davam edən oyunda bəxt komandalardan hər birinin üzünə gülə bilərdi. Sonluq da çox maraqlı alındı. 87-ci dəqiqədə Jorjinyo penalti ilə “Çelsi”ni irəli çıxarsa da, 4-cü uzatma dəqiqəsində Kazemiro ona xas olmayan tərzdə baş zərbəsi vurdu və MY-ni haqq etmədiyi məğlubiyyətdən qurtardı.

Bu nəticədən sonra “Çelsi” ilə “Mançester Yunayted” ardıcıl 5-ci dueldə qalibi müəyyənləşdirə bilmədi. Buna qədər keçirilən son 4 oyunun ikisi 1:1, ikisi isə 0:0 hesabıyla bitmişdi.

Onu da qeyd etmək lazımdı ki, “Yunayted” 2017-dən bəri premyer-liqada “Çelsi”yə uduzmur.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul