UEFA Krımla bağlı mövqeyini dəyişməyib

2.10.2022 17:50 383
Dünya futbolu
Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiyanın futbol sahəsində həmləsi də səngimir. Hələ 2014-cü ildə ilhaq edilən Krım və Sevastopul klublarının Rusiya çempionatına inteqrasiyası üçün işçi qrup yaradılıb.

Rusiya Milli Futbol Liqasının (RMFL) Rəyasət Heyətinin avqustda keçirilən iclasında Krım Futbol İttifaqının yarımada klublarının RMFL-in bayrağı altında təşkil olunan turnirlərə buraxılması ilə bağlı məktubuna baxılmışdı. Müzakirələr nəticəsində bu planda ümumi işçi qrupun yaradılmasına qərar verilmişdi. RMFL-in məlumatında işçi qrupa Nail İzmaylovun başçılıq etdiyi və Krım Futbol İttifaqının nümayəndələri ilə videokonfrans keçiriləcəyi bildirilib.

Artıq bu təşəbbüsə UEFA-nın reaksiyası məlumdu. Qitə futbol qurumu, gözlənildiyi kimi, hələ 8 il əvvəl rəsmən bəyan etdiyi mövqeyini bir daha təsdiqləyib. Təşkilatın mətbuat xidmətinin məlumatında belə deyilir:
“UEFA-nın İcraiyyə Komitəsinin 2014-cü ilin dekabrında qəbul etdiyi qərarla bir daha tanış olmağınızı xahiş edirik. UEFA-nın İcraiyyə Komitəsi təşkilatımızın fövqəladə komissiyasının 2014-cü il avqustun 22-də verdiyi qərara uyğun olaraq Krım klublarına Rusiya Futbol İttifaqının 2015-ci il yanvarın 1-dən təşkil etdiyi turnirlərdə iştirakı qadağan edib. Bu regionun növbəti qərara qədər futbol hədəfləri üzrə “xüsusi zona” sayılması lazım bilinib”.