"Neftçi"dən 600-cü səfər qolu

12.09.2022 13:28 336
Ölkə futbolu
“Neftçi” Azərbaycan çempionatlarında 600-cü səfər qolunu vurub.

"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli premyer-liqasının 6-cı turuna təsadüf edib. Qəbələdə eyniadlı komandanı 2:1 hesabı ilə məğlub edən “ağ-qaralar” rəqib meydanındakı qol sayını 600-ə çatdırıb.

Matçda dubla imza atan Ataa Caberin ikinci qolu yubiley xarakteri daşıyıb. Paytaxt təmsilçisi 600-ə səfərdəki 423-cü oyununda çatıb. 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısı olan “Neftçi” rəqib meydanındakı qol sayında mütləq
rekordçudur.

“Ağ-qaralar” səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 hesabı ilə qalib gəlib.