“Çelsi” yeni baş məşqçisinin adını açıqlayıb. Klubun rəsmi saytının yaydığı xəbərə görə, londonluları bundan sonra Qrem Potter çalışdıracaq.
Football-plus.az xəbər verir ki, 2019-cu ildən “Brayton”a başçılıq edən ingilis mütəxəssislə 5 illik müqavilə imzalanıb. O, yeni iş yerində çərşənbə günü istefaya göndərilən Tomas Tuxeli əvəz edib. “Çelsi” rəhbərliyi Potterə görə “Brayton”a 15 milyon funt sterlinq təzminat ödəyib. “The Telegraph” qəzeti 47 yaşlı məşqçinin yeni iş yerində 5 il ərzində 60 milyon funt sterlinq maaş alacağını yazıb. Maraqlıdı ki, rəhbərlik Potter qarşısında kluba idman direktoru tapmaq vəzifəsini də qoyub. Paytaxt klubu onun bu problemi DÇ-2022-nin final mərhələsi başlayanadək, noyabrın 20-nə qədər həll etməsini istəyir. Bu halda idman direktorunun qış “transfer pəncərəsi” dövrünə yaxşı hazırlaşmaq imkanı olacaq.
Potterin “Brayton”dakı səlahiyyətləri müvəqqəti olaraq klubun gənclərdən ibarət komandasının çalışdırıcısı Endryu Kroftsa həvalə olunub. Ona yeni vəzifədə Adam Lallana kömək edəcək. 34 yaşlı yarımmüdafiəçi oynayan məşqçi statusunu daşıyacaq.