Sosial şəbəkələrdə maraqlı siyahı paylaşılıb. Xuan Mata, Ceyson Denayer, Ross Barkli, Ben Arfa, Dan-Aksel Zaqadau, Nolito, Dieqo Kosta, Loris Karius, Daniel Stariç, Simone Zaza, Manqala, Drinvote, Sofian Fequli və Aron Lennon kimi oyunçular burda yer alıb.
Bunlar azad agent statusuna malik futbolçulardı. Azarkeşlər və sosial şəbəkə istifadəçiləri deyir ki, “Qarabağ” bu futbolçulardan hansı iləsə müqavilə bağlasın. Ağdam təmsilçisinin siyahıda yer alanları transfer etmək ehtimalı var? Tanınmış menecer Tural Əsgərov “Futbol+” qəzetinə müsahibəsində məsələyə aydınlıq gətirib:
“Tərtib edilən siyahıda yer alan futbolçuların əksəriyyəti yaşlıdı. Bəlkə də çoxları bilmir. Amma “Qarabağ” yaşlı oyunçu almamağa çalışır. Hətta çalışır ki, transfer olunan futbolçunun 29-30 yaşı olmasın. Çünki təcrübə göstərir ki, belə oyunçular, adətən, Azərbaycana dincəlməyə gəlir. Onlar deyirlər ki, mənim ancaq sifətimə baxın, sərgilədiyim futbolumla işiniz yoxdu. Bir çox hallarda belə olur. Məsələn, Maykl Essyen nümunəsi var. Gəldi Azərbaycana, nə etdi? “Neftçi”yə gələn yaponiyalı Keysuke Honda burda bəzi oyunlarda meydana çıxdı. O, “ağ-qaralar” üçün nə etdi? 3-4 ay ərzində komandanın lideri oldu? “Neftçi”yə faydalı olacaq nə verdi? Burda Loris Kariusun adını çəkirsiz. Bəlkə də yanılıram. Amma Karius Şahruddindən güclü qapıçı deyil. “Qarabağ” ona necə maraq göstərsin? Onların səviyyəsini bir kənara qoyaq. Amma “Qarabağ” belə futbolçulara maraq göstərmir. Bəlkə də xəbərim yoxdu. Amma klub rəhbərliyi də, elə Qurban müəllimin özü də yaşlı futbolçulardan uzaq durmağa çalışır. Hətta mənim vasitəmlə təklif olunublar. Futbolçu bəyənilib də, amma deyilib ki, ehtiyat variant kimi hələlik qalsın.
Bundan sonra bütün Azərbaycan klubları azad agent statusuna malik futbolçunu heyətə cəlb edə bilər. Lakin həmin oyunçunu Avropa Liqasında oynada bilməyəcək. Bundan sonra götürüləcək hansısa futbolçu UEFA-ya sifariş edilə bilinməyəcək. Bu səbəbdən də bu oyunçuların indi transferi lazımsızdı. Kariusu çempionatda oynatmaq üçün transfer edim? Belə şeyləri ABŞ, Yaponiya çempionatlarında edilər. Onlar da daha səviyyəli oyunçuların keçidinə razı olurlar. Gəlin razılaşaq ki, Lennonla İnyesta eyni səviyyəli deyil. Marselo kimi futbolçuları “Qarabağ” heç vaxt transfer etməyib. Klubun məqsədi heç vaxt reklam olmayıb. Yenə deyirəm, Azərbaycan təmsilçiləri belə şey ediblər. Essyen, Honda ölkəmizə gəlib. O vaxt “Qəbələ” də İzmayılovu transfer etmişdi. Amma rusiyalı “qırmızı-qaralar”a o qədər də fayda verməmişdi. Söhbət ondan getmir ki, onlar gəlsələr, komandaya fayda verməyəcəklər. Yaşlı oyunçular bir oyunda zədə alan kimi oynamırlar. Düşünürlər ki, pulum, adım var, neynirəm can qoymağı. Təbii ki, “Qarabağ”, “Sabah” belə oyunçuları transfer edə bilər. Amma mən özüm klublara belə futbolçuları təklif etmirəm”.
İLKİN SULTANLI