“Şamaxı”nın Zaur Axundova və “ASK Arena”ya borcu var – AÇIQLAMA

25.08.2022 16:33 504
Ölkə futbolu / Manşet
“Şamaxı”nın Müşahidə Şurasının sədri Elçin Usub bir neçə gün öncə “futbolinfo.az” saytına müsahibə verib.

Öncə onun klubun borcları ilə bağlı söylədiklərinə keçid alaq:

“Bəlkə də gizli qalması lazım olan məsələdi. O məsələlərin həlli ilə bağlı danışıqlar gedir. Bildiyiniz kimi, “Şamaxı” ictimai birlik kimi yaradılmış qurumdu. Zaur Axundov təsisçi olub, onunla klub arasında bəlli maliyyə münasibətləri var idi, təsisçi payı olaraq kluba yardım edib. Bunların tənzimlənməsi üçün danışıqlar gedir. Böyük ehtimalla klubun inkişafını ləngitməmək, yardım etmək anlamında səxavətli addımlar Zaur müəllim tərəfindən atılacaq. Rəsmiləşməni gözləyirik. Məbləğ deməyəcəm, çox güman, təsisçi tərəfindən kluba olan borcun hətta bağışlanması yönündə də iş gedir. Klubun digər borcları var ki, biz o məbləğlərin altına girə bilmərik. Danışıqlar yolu ilə məsələləri həll etməyə çalışırıq. “ASK Arena”ya və sair iyun ayı ilə bağlı xırda borclar var, zamanla onlar bağlanacaq. Borc klubundu, onu köhnə, yoxsa yeni rəhbərliyin “bağlamasını” yaxın vaxtlarda özümüz həll edəcəyik. Amma məbləğlər o qədər böyük deyil ki, klubun mövcudluğunu, gələcəyini sual altına alsın. Klubla təsisçi arasında olan məsələlərdi və Axundovun səxavətli addımı sayəsində problemin tezliklə həll olunacağını gözləyirik”.

Məsələnin ciddiliyini nəzərə alıb, Elçin Usubla danışmağı lazım bildik. Görəsən, hazırda danışıqlar nə yerdədi? Hzırkı klub rəhbərliyi əvvəlki rəhbərlikdən qalan borcları ödəmək üçün hansı addımları atır? “Şamaxı”nın Müşahidə Şurasının sədri suallarımıza belə cavab verdi:

“Orda bir səhv anlaşma olub. Söhbət rəhbərliyin kluba yox, klubun rəhbərliyə borcundan gedir. Həqiqətən də ifadə tərzində anlaşılmazlıq olub. Biz qeyd etmişik ki, Zaur müəllim kluba böyük ehtimalla şəxsi vəsaitindən bəlli miqdarda yardım edib. Bu da klubun ona borcu sayılır. Yəni Zaur Axundovun kluba borcu yoxdu, klubun ona borcu var. Onun da üzərində hazırda iş gedir. Böyük etimalla Zaur müəllim onu bağışlayacaq. Bundan başqa, klubun iyun ayı üçün müəyyən borcları var. Bu da şərti olaraq əvvəlki rəhbərliyin dövrünə düşür. Onların da üzərində iş gedir. İş gedir deyəndə, borcdu, əvvəl-axır ödənilməlidi. Burda rəhbərlik şərti məsələdi. Mən bunun əvvəlki, indiki rəhbərlik baxımından işıqlanmasını istəməzdim. Borc varsa, “Şamaxı”nın borcudu və “bağlanmalıdı”. Bunun üçün də vəsait lazımdı. Sadəcə, vaxtı var. Bilirsiz ki, dövlətdən yardımlar olmalıdı. Biz də o vəsaiti gözləyirik”.



ŞAİR ABDULLA