“Sabah” 3-4 top buraxandan sonra bir qolu son dəqiqədə vuracaqsa, halal xoşu olsun” - “Barsa”nı nə qədər azərbaycanlı dəstəkləyəcək?

24.11.2026 13:53 0
Manşet / Müsahibə
“Sabah” sabah Çempionlar Liqasının liqa mərhələsi çərçivəsində “Barselona”nı qəbul edəcək.

Azərbaycanlı futbolsevərlərin böyük maraqla gözlədiyi qarşılaşma Kataloniya nəhənginin ölkəmizdəki azarkeşləri üçün də xüsusi əhəmiyyət daşıyır. İllərdi sevimli komandasını televiziya qarşısında dəstəkləyən azarkeşlər bu dəfə “Barselona”nın ulduzlarını Bakıda canlı izləmək imkanı qazanacaq. Bu münasibətlə “Barselona”nın Azərbaycandakı fanklubu “Penya Barcelonista Baku”nun təsisçisi Vüsal Ağalarovla söhbətləşdik.

- Azərbaycanda “Barselona” azarkeş qrupunu yaratmaq ideyası necə yarandı? Nə vaxt yaratdız, hazırda qrupunuzun neçə üzvü var?
- Azərbaycanda “Barselona” azarkeşlik hərəkatının əsası 2010-cu il noyabrın 29-da qoyulub. Həmin dövrdə ölkədə “Barselona” haqda Azərbaycan dilində məlumat verən sosial şəbəkə səhifəsi yox idi. Məhz həmin tarixdə Orxan Əliyev bu boşluğu doldurmaq, klub haqda Azərbaycan dilində məlumatları azarkeşlərə çatdırmaq və ölkədə “Barselona” tərəfdarlarını bir araya gətirmək məqsədilə “feysbuk”da FCB AZE adlı kiçik bir fanat portalı yaratdı. İllər keçdikcə bu təşəbbüs böyüyərək geniş azarkeş hərəkatına çevrildi. Əvvəlcə “Penya Barcelonista Baku” adı ilə ölkə daxilində gənclər birliyi kimi rəsmiləşən fan-klubumuz 2017-ci il dekabrın 12-də “Barselona” tərəfindən rəsmi şəkildə tanındı və klubun beynəlxalq fanklublar ailəsinin üzvünə çevrildi. Bu gün artıq kiçik bir təşəbbüs kimi başladığımız fəaliyyətin nəticəsini görürük. Fanklubumuzun hazırda “Barselona” tərəfindən tanınan və rəsmi qeydiyyata alınmış 400-ə yaxın üzvü var. Üzvlərimizin sayının artması, beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil etməyimiz və dünyanın müxtəlif ölkələrindən olan fanklublarla əlaqələrimizin genişlənməsi bizim üçün xüsusi qürur mənbəyidi.

- Uzun illərdi dəstəklədiyiniz “Barselona”, nəhayət, Bakıya gəlir. Bu xəbəri eşidəndə hansı hissləri keçirdiz?
- Bu hissləri sözlə ifadə etmək çətindi. Uzun illərdi sevdiyimiz, uğurlarını izlədiyimiz, hər oyununu böyük həyəcanla gözlədiyimiz bir klubun, nəhayət, Bakıya gəlməsi bizim üçün sadəcə, futbol hadisəsi deyil, illərdi qurduğumuz bir arzunun gerçəkləşməsidi. 2010-cu ildən Azərbaycanda “Barselona” azarkeşlik hərəkatının inkişafı üçün çalışırıq. Kiçik bir təşəbbüsdən başlayaraq bu gün rəsmi fankluba çevrilmişik. İndi isə sevdiyimiz komandanı öz ölkəmizdə, öz şəhərimizdə qarşılamaq imkanı əldə edirik. Bu, həm şəxsən mənim, həm də bütün fanklub üzvlərinin həyatında unudulmaz hadisədi.

Ən əsası, bu səfər Azərbaycanda “Barselona”ya sevginin nə qədər böyük olduğunu klubun özünə də göstərmək üçün əla fürsətdi.

- Azarkeş qrupunuz oyuna necə hazırlaşır? Ayrıca xoreoqrafiya, pankart və ya başqa sürprizlər planlaşdırırsız?
- Ciddi hazırlıq görürük. Stadionda azarkeşlərimizi xüsusi pankartlar, bayraqlar və digər sürprizlər gözləyir. İstəyirik ki, “Barselona”nın Azərbaycana səfəri təkcə futbol qarşılaşması kimi yox, həm də ölkəmizdəki azarkeş mədəniyyətinin nümayişi baxımından yadda qalsın. Bundan başqa, dünyanın müxtəlif ölkələrindən Bakıya gələcək rəsmi fanklubların nümayəndələri ilə görüşümüz nəzərdə tutulub. Onlarla birlikdə şəhər mərkəzində toplaşacaq, vaxt keçirəcək və daha sonra kollektiv şəkildə stadiona yollanacağıq. Bu həm də müxtəlif ölkələrdən olan “Barselona” azarkeşlərinin bir araya gəlməsi, yeni dostluqların qurulması və Azərbaycan fanklubunun beynəlxalq ailədəki mövqeyinin nümayişi baxımından önəmlidi.

- Qrupunuzun neçə üzvü qarşılaşmanı stadiondan izləyəcək? Bilet almaqda çətinlik yaşayanlar oldumu?
- İlkin olaraq fanklubumuzun 70 üzvü üçün qonaq sektoruna bilet əldə etmişik. Bu prosesdə rəhbərlik olaraq yaxından iştirak etmiş, üzvlərimizin biletlə təmin olunması üçün müvafiq addımlar atmışıq. Təbii ki, bilet əldə etmək istəyib, bunu bacarmayan üzvlərimiz də var. Hazırda onların da qarşılaşmanı stadiondan izləyə bilməsi üçün digər rəsmi bilet əldəetmə imkanlarından istifadə etməyə çalışırıq. Stadionda fanklubumuzun ümumilikdə neçə üzvünün olacağını indidən dəqiq söyləmək çətindi. Çünki bəzi üzvlərimiz biletləri fərdi qaydada əldə edərək oyuna özləri yollanacaqlar. Bu səbəbdən son rəqəm qarşılaşmaya qədər dəyişə bilər. Əsas məqsədimiz mümkün qədər çox üzvümüzün bu tarixi hadisənin bir hissəsi olmasını təmin etməkdi.

- “Barselona”nın Bakıya gəlişi ilə bağlı klubun rəhbərliyi və ya azarkeşlərlə iş üzrə nümayəndələri ilə əlaqə yaratmısızmı?
- Bəli, “Barselona” rəhbərliyi və klubun beynəlxalq fanklublarla iş üzrə məsul nümayəndələri ilə bu səfərlə bağlı əlaqələrimiz olub. Müəyyən məsələlər ətrafında müzakirələr aparılıb və müvafiq ünsiyyət qurulub. Lakin hazırda bu əlaqələrin təfərrüatı barədə ətraflı məlumat vermək istəmirik. Çünki oyun günü azarkeşləri bəzi sürprizlər gözləyir. İstəyirik ki, bunlar əvvəlcədən açıqlanmasın və özəl məqamlar məhz qarşılaşma günü yaşansın.

- Çoxlu azarkeşin yolunu gözlədiyi Lamin Yamal bu görüşü buraxacaq olacaq. Bu məqam azarkeşlərin sayına necə təsir edəcək?
- Yamalın Bakıya gəlməməsi həm idman, həm də kommersiya və oyunun təqdimatı baxımından böyük itkidi. Çünki o, hazırda dünya futbolunun ən məşhur gənc ulduzlarından biridi, bir çox azarkeş məhz onu canlı izləmək arzusunda idi. Bununla belə, “Barselona”nın heyətində yetərincə istedadlı və artıq gənc yaşlarından azarkeşlərin sevimlisinə çevrilmiş başqa futbolçular da var. Pedri buna nümunədi. Yamalın yoxluğu azarkeş marağına müəyyən təsir göstərsə də, “Barselona”nı canlı izləmək istəyən insanların sayına ciddi şəkildə mane olmayacaq. Axı azarkeşlər Bakıda təkcə bir futbolçunu yox, bütövlükdə sevdikləri komandanı görmək imkanı əldə edəcəklər.

- “Sabah”ın bu mövsüm Çempionlar Liqasındakı çıxışını necə qiymətləndirirsiz? Azərbaycan təmsilçisi “Barselona”ya çətinlik yarada bilərmi?
- “Sabah”ın bu səviyyəyə gəlib çatması Azərbaycan futbolu adına sevindirici hadisədi. Komanda son illərdə inkişaf edir, oyun fəlsəfəsini formalaşdırır və Avropa səhnəsində təcrübə qazanır. Belə qarşılaşmada iştirak həm klub, həm də Azərbaycan futbolu üçün böyük əhəmiyyət daşıyır. Əlbəttə, “Barselona” dünya futbolunun ən böyük klublarından biridi, ona qarşı oynamaq asan deyil. Bununla belə, futbolun gözəlliyi ondadı ki, meydanda hər şey mümkündü. “Sabah” öz oyununu göstərə, düzgün taktika seçə və azarkeşlərinin dəstəyi ilə “Barselona”ya müəyyən çətinliklər yarada bilər. Məncə, “Sabah” üçün bu oyun həm böyük sınaq, həm də özünü göstərmək baxımından əla fürsətdi. Arzulayıram ki, Azərbaycan təmsilçisi meydanda layiqincə mübarizə aparsın və futbolsevərlərə maraqlı qarşılaşma təqdim etsin.

- Bir tərəfdə Azərbaycan futbolunu təmsil edən “Sabah”, digər tərəfdə isə illərdi azarkeşi olduğunuz “Barselona” var. Bu qarşılaşmada ürəyiniz hansı komanda ilə döyünəcək?
- Heç bir şübhə və tərəddüd olmadan ürəyim “Barselona” ilə olacaq. “Sabah”a bütün hörmət öz yerində, onlara növbəti oyunlarda uğurlar arzulayıram, lakin mən ürəyimin səsinə qulaq asacam və səmimi qəlbdən “Barsa”ya azarkeşlik edəcəm. Sevdiyim komandanın Bakıda qələbə qazanmasını və bu tarixi səfəri uğurla başa vurmasını istəyirəm.

- “Sabah” “Barselona”ya qol vuracağı təqdirdə sevinəcəksizmi, yoxsa bu, sizin üçün qarışıq hisslər yaradacaq?
- Heç bir qarışıq hiss olmayacaq. “Barselona” qol buraxacaqsa, təbii ki, buna üzüləcəm, çünki mənim üçün qarşımızda “Sabah”ın və ya başqa klub olmasının fərqi yoxdu. Səmimi qəlbdən “Barsa”nın qalib gəlməsini və qollar vurmasını istəyəcəm, hər hansı uğursuzluq olsa, buna məyus olacam. Ümidvaram ki, məyusluq olmayacaq və “Barselona” qolları və qələbəsi ilə mən də daxil əsl azarkeşlərə sevinc bəxş edəcək.

- “Sabah”ın bu oyunda xal qazanmaq şansı nə qədərdi?
- “Barselona”nın heyətini, təcrübəsini və Avropa futbolundakı mövqeyini nəzərə alsaq, qarşılaşmanın favoriti, şübhəsiz ki, kataloniyalılardı. Bununla belə, “Sabah”ın öz meydanında oynayacağını və azarkeşlərinin dəstəyini alacağını unutmamalıyıq. Bütün bu amilləri kənara qoyub, real nəzəriyyələr yürütsək, “Barsa”nın dominant futbol oynayacağı və heç də çətin olmayan qələbə qazanacağını düşünürəm.

Şəxsi proqnozum “Barselona”nın uzun səfərini də nəzərə almaqla 3 və ya 4 cavabsız qolla qələbəsidi.

- Təsəvvür edin ki, “Sabah” son dəqiqədə “Barselona”ya qələbə qolu vurur. Həmin an azərbaycanlı kimi sevinərsiz, yoxsa “Barselona” azarkeşi kimi məyus olarsız?
- “Sabah” 3-4 top buraxandan sonra bir qolu son dəqiqədə vuracaqsa, halal xoşu olsun. Yox, dediyiniz ssenari baş versə, təbii ki, buna məyus olacam. Ümid edirəm, bu baş verməyəcək.

İSRAYIL XEYRULLAYEV