Covani Lo Çelso “Tottenhem”i növbəti dəfə tərk edib.
"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu onu yenidən icarəyə verib.
Argentinalı yarımmüdafiəçi karyerasını yenə İspaniyada davam etdirəcək. 26 yaşlı futbolçu “Vilyarreal”a qayıdıb. Klubun mətbuat xidmətinin məlumatında argentinalı oyunçunun 2022/23 mövsümünü icarə əsasında “Vilyarreal”da keçirəcəyi bildirilib. Qeyd edək Lo Çelso son mövsümün ikinci yarısını icarə əasasında bu komandada keçirmişdi. O, sarı formada meydana çıxdığı 22 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Yeri gəlmişkən, “Tottenhem”i bu yay daha bir futbolçu tərk edib. Tanqi Ndombele də baş məşqçi Antonio Konteyə lazım olmayıb. Yarımmüdafiəçi “Napoli”yə icarəyə verilib. Xatırladaq ki, fransalı futbolçu ötən mövsümün ikinci yarısını bu statusla “Lion”da keçirmişdi. “Tottenhem” Tanqini 2019-cu ilin yayında Fransa klubundan 60+10 milyon avroya transfer etdiyini də bildirək. “Napoli”nin gələn yay onun transfer hüququna sahib olmaq imkanı var.