Tovuz stadionunda çəkiliş meydançası quraşdırılacaq

13.08.2022 19:08 536
Ölkə futbolu / Manşet
Ötən günlərdə Tovuz şəhər stadionunda yaşanan problemlərə toxunub, PFL-in Texniki-İdman şöbəsinin rəhbəri Elgiz Abbasovun fikirlərini öyrənmişdik.

Bir daha xatırladaq ki, “boz qurdlar”ın ev oyunlarını keçirdiyi arenada tablo yoxdu, çəkiliş üçün isə ayrılan yer münasib deyil. Bu səbəbdən qarşılaşmanı mavi ekran qarşısında izləyən tamaşaçı keyfiyyətli reportaja baxa bilmir.

Tablo ilə bağlı məsələyə toxunan PFL rəsmisi klub rəhbərliyinə bu barədə xəbərdarlıq etdiklərini, çatışmazlığın qısa vaxtda aradan qaldırılması ilə bağlı tapşırıq verdiklərini bildirmişdi. “CBC Sport”un proqram direktoru Rüstəm Əfsərli isə yayınla bağlı məsələyə toxunarkən, Tovuz şəhər stadionunda kameraların qoyulması üçün platformanın olmadığını, növbəti oyunlarda çəkilişin keyfiyyətini artırmaq üçün üzbəüz tribunalardan istifadə olunacağını söyləmişdi. Hərçənd qarşı tərəfdəki tribunalarda da normal çəkiliş üçün şərait yaradılmayıb.

Görəsən, qeyd etdiyimiz nöqsanları aradan qaldırmaq yönündə klub rəhbərliyi hansı addımı atmağı düşünür? Tovuzda tablo problemi necə həll olunacaq, keyfiyyətli çəkiliş üçün hansı addımlar atılacaq? Bu suallara cavab tapmaq üçün “qırmızı-göylər”in prezidenti Oqtay Abdullayevlə əlaqə saxladıq:

“PFL çempionat ərəfəsində stadionu təftiş edəndə, tablo ilə bağlı irad bildirildi. Biz də onlara yaxın vaxtlarda bu çatışmazlığı aradan qaldıracağımızı söylədik. Hazırda bu yöndə danışıqlar davam edir. Münasib qiymətə keyfiyyətli tablo axtarırıq. Çalışacağıq bu problem yaxın vaxtlarda həllini tapsın”.


Çempionatın yayın hüququna malik “CBC Sport” rəhbərliyinin iradını da klub prezidentinin diqqətinə çatdırdıq. Oqtay bəy qəzetimizdə gedən yazıdan xəbərdar olduğunu deməklə yanaşı, telekanalın çempionat matçlarından keyfiyyətli yayın təşkil etməsi üçün arenada şərait yaradılacağını vurğuladı:

“Kameraları qarşı tərəfdəki tribunalara qoymaqla yayının keyfiyyətini yükəltmək mümkün deyil. Bunun üçün ayrıca çəkiliş meydançası olmalıdı. Hazırda bu məsələnin həlli üçün işlər görülür. Daha dəqiq desəm, layihə hazırlanır. O hazır olduqdan sonra qısa vaxtda problemi həll edəcəyik. Böyük ehtimalla, növbəti ev oyununa kimi çatışmazlıq aradan qaldırılacaq”.


RƏŞAD