İki yeni komandanın elitaya gəlişi ilə bu mövsümün daha rəngarəng olacağı gözləniləndi. İlk turdan da bunu müşahidə etmək mümkün oldu. Misli premyer-liqası tarixində azarkeş sayına görə 1058 günün rekordu yeniləndi. İlk turda ümumilikdə oyunları 10600 azarkeş arenadan izləyib. Bunun da 5500 nəfəri Tovuz şəhər stadionunda “Turan Tovuz” - “Qəbələ” matçında qeydə alınıb. Komandanın ev oyunlarının bilet qiymətləri 1-2 manat təşkil edir.
Bundan əlavə, “Qarabağ” da ilk oyununu evdə “Səbail”ə qarşı keçirib və biletləri satışa çıxarıb. Son çempionun ev oyunları üçün bilet qiymətləri müvafiq olaraq 5, 10 və 20 manat müəyyənləşdirilib.
Yeni mövsümə yeni heyətlə başlayan “Şamaxı” da artıq bilet qiymətlərini müəyyənləşdirib. Komanda ilk turda evdə “Neftçi”yə qarşı keçirdiyi oyunda biletləri 3 manatdan satıb.
Qalan 7 komandanın isə biletləri satışa çıxaracağı və hansı qiymətə satacağı ilə bağlı məlumat yoxdu. “Football-plus.az” saytı olaraq bu məsələni dəqiqləşdirmək üçün 7 klubun hər birinin mətbuat katibləri ilə əlaqə saxladıq.
Rüstəm Allahverdiyev (Neftçi):
"Bizdə həmişə bilet satışı olub. Lakin bu il üçün qiymətlər hələ müəyyənləşməyib. Növbəti turun oyununa kimi qiymətlər də dəqiqləşəcək".
Rəşad Məmmədov (Sumqayıt):
"Hələ ki bu mövsüm bilet satışı nəzərdə tutulmayıb. Lakin mövsümün gedişində ola bilər ki, bu məsələ ilə bağlı da dəyişiklik olsun".
Elmar Abdullazadə (Zirə):
"Ev oyunlarımız üçün bilet satışı olmayacaq. Mövsümboyu da satılması ilə bağlı plan yoxdu".
Elnur Həmidov (Sabah):
"Hazırda planımızda satışa bilet çıxarmaq yoxdu. Mövsümboyu dəyişiklik olsa, məlumat veriləcək".
Azad Mustafayev (Kəpəz):
"Bilet satışı ilə bağlı məsələ ev oyunlarımızın məkanının dəqiqləsməsindən sonra bilinəcək".
Sənəm Fərhadlı (Səbail):
“Qarşıdakı oyun üçün bilet satışı nəzərdə tutulmayıb. İstəyən hər kəs Turan Tovuz”la matçı izləməyə gələ bilər”.
Anar Hacıyev (Qəbələ):
“İlk ev oyunumuzda giriş sərbəst olacaq. Növbəti matçlar üçün isə vəziyyətə uyğun qərar verəcəyik”.
ŞAİR ABDULLA


