Yaxın keçmişdə Türkiyənin diqqət çəkən klublarından biri olan, amma hazırda çətin dönəmdən keçən ''Akhisarspor''da maraqlı bir məşqçi təyinatı baş tutub.
Yeni mövsümdə 3-cü liqada, yəni 4-cü divizionda oynayacaq Manisa təmsilçisi yunanıstanlı Teofanis Gekasla anlaşıb. 42 yaşlı mütəxəssislə qarşıdakı günlərdə rəsmi müqavilə imzalanacaq. Ümumiyyətlə Gekas Türkiyədə tanınmış simalardan biridi.
O, ''Akhisarspor''da iki fərqli dönəmdə (2012/13, 2014/15) forma geyib və 42 rəsmi oyunda 25 qol, 3 məhsuldar ötürməlik performansla fanatların sevimlisinə çevrilib. Bu kollektivdən başqa Gekas Türkiyədə ''Samsunspor'', ''Konyaspor'', ''Əskişəhərspor'' və ''Sivasspor''un şərəfini qoruyub. Məşqçi kimi isə o indiyə qədər yalnız Yunanıstanın aşağı liqa təmsilçisi ''Paneyalios''u çalışdırıb.
Xatırladaq ki, ''Akhisarspor'' 2018-də ölkə kubokunu qazanaraq növbəti mövsüm Türkiyəni AL-in qrup mərhələsində təmsil etmişdi. Amma elə həmin mövsüm maliyyə problemləri yaşamağa başlayan və elitanı tərk edən komanda o vaxtdan bu yana ilbəil səviyyəcə geriləyir.