Yaxın keçmişdə öz nəticələri ilə diqqət çəkən ''Akhisarspor'' acı sonluqla barışmalı olub.
Bu mövsüm 2-ci liqada mübarizə aparan Manisa təmsilçisi son turda öz meydanında ''Amedspor''a 1:2 hesabı ilə yenilib. Bununla da komandanın gələn mövsüm 3-cü liqada, yəni 4-cü divizionda oynayacağı rəsmiləşib.
Qeyd edək ki, 1970-ci ildə yaradılan ''Akhisarspor'' uzun illər aşağı liqalarda çıxış etdikdən sonra 2011/12-də Həmzə Həmzəoğlunun başçılığı altında ilk dəfə superliqaya yüksəlmişdi. Ardıcıl 7 mövsüm elitada oynayan bu kollektiv gözlənilmədən böyük uğurlar qazanmağa müvəffəq olmuşdu. Xüsusilə də 2017-19-cu illər çox uğurlu alınmışdı.
''Akhisarspor'' 2017/18-də ölkə kuboku ilə ölkə superkubokunu qazanmış, növbəti il isə hər iki turnirin həlledici oyununda məğlub olmuşdu. 2018/19-da hətta AL-in qrupunda da oynayan komanda 3 turnirdə mübarizə aparmağa hazır olmadığı üçün elitanı tərk etmişdi. Yəni cəmi 4 mövsüm ərzində ''Akhisarspor'' AL-in qrupundan 4-cü diviziona qədər geriləyib.