Bu xəbəru klub saytı yayıb. 4 illik müqavilə bağlayan məşqçinin mövsümlük maaşının 4 milyon dollar olacağı gözlənilir. 54 yaşlı kanadalının 2020-nin yanvarından rəhbərlik etdiyi “Veqas”la mayda vidalaşdığını da xatırladaq.
“Dallas”ı 2019-dan bəri çalışdıran Rik Bouenss isə postunu 2021/22 mövsümünün sonunda tərk edib. Ona görə ki, “ulduzlar” pley-offun ilk mərhələsində “Kalqari”yə seriyada 3:4 hesabıyla uduzub.
Bu arada “Edmonton”un baş məşqçisi Cey Vudkroft klubla yeni müqavilə bağlayıb. Yeni müqavilə daha üç mövsüm üçün əməkdaşlığı nəzərdə tutur. 45 yaşlı Vudkroft son mövsümün gedişində, yəni 2022-nin fevralında qovulan Deyv Tippetin yerini tutub və “Edmonton”u Qərb konfransının finalına çıxarıb. Düzdü, “Oylerz” finalda “Kolorado” ilə bacarmayıb (0:4). Vudkroft 2015-dən bəri “Edmonton”un klub sistemində çalışır. Həm baş məşqçinin yardımçısı olub, həm də “neftçilər”in AHL-də çıxış edən farm-klubunu – “Beykersfild”i çalışdırıb.
Qəzetimizin ötən sayında Con Tortorellanın “Filadelfiya”nın “sükanı arxasına” keçdiyini xəbər vermişdik. Ünlü mütəxəssis komandanın onun rəhbərliyi altında necə oyun göstərəcəyi haqda danışıb:
“Məsələnin mahiyyəti ondan ibarətdi ki, mən komandamın sərt olmasını istəyirəm. İstəyirəm başqa komandalar bizi görəndə desinlər ki, “bilirsiz, nə var, bu gün işlər fırıqdı”. Paltardəyişmə otağına daxil olarkən orda qətiyyət və inam görməlisən. Dala qalınqabıq olmalıyıq. Məşq düşərgəsindən tutmuş bir çox məqamlar olacaq ki, bunların hamısını arxada qoymalıyıq. Kimisə çekerə çevirməyə hazırlaşmıram. Ancaq hokkeyçi mənə və bundan da vacibi oyundaşlarına göstərməlidi ki, təkcə şayba ilə oynamağa yox, həm də müdafiə olunarkən nələrsə etməyə hazırdı. Bu məhz komandada düzgün yoldaşlıq ruhunu, işə doğru yanaşmanı formalaşdıran amildi. Düşünürəm ki, bu planda hər şey liderlərdən başlayır”.