FİFA Rusiya klubları ilə müqaviləsi olan əcnəbi futbolçu və məşqçilərə daha bir şans verib. Ali futbol təşkilatı onların iş yerini sərbəst dəyişməsi ilə bağlı qaydanın müddətini uzadıb.
Bilindiyi kimi, Ukraynaya fevralda başlayan hərbi təcavüzü davam edən Rusiyanın milli komandaları və klubları FİFA və UEFA-nın bayrağı altında keçirilən bütün yarışlardan kənarlaşdırılıb. Martda Rusiyada işləyən legionerlərə yerli klublarla müqaviləni birtərəfli şəkildə pozmaq və buna görə təzminat ödəməmək hüququ verən qaydanı qəbul edən FİFA bu prosesin iyunun 30-dək davam edəcəyini açıqlamışdı. Müddət sona yaxınlaşdığı üçün ali qurum bu planda yeni qərar verməyi lazım bilib. Beləliklə, əcnəbi məşqçi və futbolçuların Rusiya klubları ilə müqaviləni hər hansı maneə olmadan 2023-cü il iyunun 30-dək pozmaq hüququ olacaq.
Rusiya Futbol İttifaqının (RFİ) növbəti qərara reaksiyası mənfi olub. RFİ yerli klublara FİFA-nın qərarı ilə bağlı olaraq hüquqi dəstək verməyə hazır olduğunu bəyan edib.