Samir Abasov baş məşqçi postunu tərk etdiyi "Neftçi"ni 61 matça çıxarıb.
Bu görüşlər daha çox premyer-liqaya təsadüf edib. Amma mütəxəssisi çempionatda yubiley – 50-ci oyundan cəmi 3 matç ayırıb. Hər halda, məhz Abasov "ağ-qaralar"ın 8 illik çempionluq həsrətinə son qoyub.
44 yaşlı mütəxəssisin Azərbaycan kubokunda cəmi 1 qələbəsi var. O da "Sabah"ı səfərdə 3:1 hesabıyla məğlub edərək, "Neftçi"nin buna qədər olan 3 mövsümdəki 1/4 final kabusuna son qoyduğu qalibiyyətdi. Amma Abasov bu turnirdə "Zirə" ilə bacarmayaraq, əvvəl 1/4 finalda, sonra yarımfinalda ona yenilib. Maraqlıdı ki, penalti seriyasına qədər uzanan bu 390 dəqiqəlik dueldə cəmi 1 qol vurulub. Abasov avrokuboklarda bir mövsümdə üç turnirdə çıxış edən ilk baş məşqçi kimi Azərbaycan futbol tarixinə düşüb. Burda qələbələri Çempionlar Liqasında Tiflis "Dinamo"su üzərində olan "Neftçi"nin çalışdırıcısı bununla da ən azı iki turnirdə - Avropa Liqası və Konfrans Liqasında çıxış etmək imkanı qazanıb.
premyer-liqa 47 29 8 10 82-44 95
Azərbaycan kuboku 6 1 4 1 4-3 7
avrokuboklar 8 2 2 4 9-16 8
cəmi: 61 32 14 15 95-63 110