Bu mövsüm bir sıra rekordları alt-üst edərək sona 3 tur qalmış çempionluğu rəsmiləşdirən və 38 illik həsrətə son qoyan ''Trabzonspor'' önəmli göstəricilər yaxalamaqda davam edir.
36-cı turda səfərdə ''Hatayspor''la 1:1 bərabərə qalan komanda ardıcıl 28-ci turu lider kimi tamamladı. Bununla da qaradənizlilər öz rekordlarını təkrarladılar. Komanda daha öncə çempion olduğu 1979/80 mövsümünün gedişində 28 tur lider olmuş və göründüyü kimi növbəti 42 ildə bu göstəriciyə yaxın düşə bilməmişdi. ''Bordo-mavililər''in sona 2 tur qalmış ən yaxın rəqibini 10 xal qabaqladığını nəzərə alsaq, bu da o deməkdi, komanda liderliyini 30 tura çatdıraraq rekordunu yeniləyəcək. Digər rekord xal hesabında qeydə alına bilər. ''Trabzonspor''un hazırda 78 xalı var. Bu baxımdan rekord 82 xala bərabərdi. Komanda tarixində iki dəfə - 1995/96 və 2010/11 mövsümlərində bu qədər xal toplayıb.
Maraqlıdı ki, hər iki halda çempion olmaq mümkün olmayıb. Qalan 2 oyunda qalib gələcəyi halda komanda xalını 84-ə çatdıraraq öz rekordunu yeniləyəcək.