Ötən saylarımızın birində Milli Məclisin üzvü Tahir Kərimlinin oğlu Zahidağanın Gürcüstanın ikinci liqasında çıxış edən “Borjomi” ilə müqailə bağladığını xəbər vermişdik.
Dünən Zahidağa ilə əlaqə saxlayıb, futbola gəlişindən tutmuş, Gürcüstan klubundakı durumuna qədər bir çox mövzularda söhbətləşdik.
- Öncə futbola gəlişin barədə məlumat verərdin...
- Uşaqlıqdan futbola həmişə həvəsim olub. Ancaq təhsil almağım əsas amil idi. Ailədə təhsilimə daha ciddi nəzarət olduğuna görə futbolla istədiyim kimi məşğul olmurdum. Amma daim həvəskar kimi oynayırdım. Artıq ali təhsili başa vurmuşdum, indi fürsət idi ki, ürəyimdə olan istəyi yerinə yetirim. Bunun üçün yollar axtarmağa başladım. Yaşımın çox olmasına baxmayaraq, bilirdim ki, adam bir şeyi çox istəyəndə istəyinə çata bilir. “İnstaqram” sosial şəbəkəsində Zamin müəllimin profili təsadüfən qarşıma çıxdı. Və ona müraciət etdim. Onunla görüşüb dərdimi söylədim. O da məni yoxlayandan sonra potensial gördü və fərdi məşqlərə başladım. Sonra isə hərbi xidmətə yollandım. Amma yenə də bu istək, həvəs ürəyimdə sönmədi. Xidməti başa vurub geri döndüm.Və yenidən Zamin müəllimin nəzarəti altında məşqlərə başladım. Bir müddət məşq edəndən sonra “Borjomi”yə baxışa yollandım. Məşqçilər korpusu oyunumu bəyəndi və yekunda klubla müqavilə bağladım.
- Azərbaycanda deputat və məmur övladları, adətən, dövlət qulluğuna üz tutur və ya şəxsi bizneslərini qurur. Nə yaxşı atan, Milli Məclisin üzvü Tahir Kərimli oğlunun futbola meyillənməsinə razılıq verdi?
- Atam həmişə xalqın içində olub. Onun da uşaq vaxtlarından idmana, futbola marağı olub. Həmişə mənə deyir ki, hansı peşəni seçirsən-seç, ancaq çalış ən yaxşı ol. Buna görə də mənə məqsədimə çatmaq üçün tam dəstək verir.
- “Borjomi”də işlərin necədi?
- Hələ ki uyğunlaşma prosesindəyəm. Komandada təcrübəli oyunçular çox olduğundan ilk vaxtlar bir qədər çətinlik çəkirdim. Artıq yavaş-yavaş yeni mühitə öyrəşirəm, özümü rahat hiss edirəm.
- “Borjomi”nın heyətində meydana çıxmısan?
- Bəli, artıq iki matçda şans qazanmışam. Ümid edirəm ki, qarşıdakı turlarda daha çox oynamaq imkanım olacaq. Komandamız hazırda 3-cü pillədədi və qarşısına müəyyən hədəf qoyulub. Məqsəd növbəti mövsüm birinci dəstədə çıxış etməkdi.
- Kollektivdə tanınmış gürcü futbolçular və ya səndən başqa legionerlər var?
- Komandada mənlə yanaşı, iranlı və ingiltərəli legioner çıxış edir. Gürcüstanın tanınmış futbolçusu Levan Şarikadze də komandamızdı. Heyətdə güclü futbolçular yer alıb.
- Gürcüstan ikinci liqasının səviyyəsi necədi?
- İkinci liqadı deyib keçməyin. Oyunlar olduqca templi keçir, maraqlı qarşılaşmaların sayı çoxdu. Komandalar arasında böyük rəqabət var. Yenə deyirəm, hədəf mövsümü ilk pillədə başa vurub birinci liqaya yüksəlməkdi.
- Sponsorlarla bağlı vəziyyət necədi? Çox vaxt deyirlər ki, Gürcüstan klublarının maliyyə durumu zəif olur.
- Bəli, Azərbaycanla müqayisədə klubların maliyyəsi zəifdi. Bəziləri federasiya tərəfindən maliyyələşdirilir. Buna baxmayaraq, büdcəsi geniş olan komandaların da sayı az deyil.
- Gələcəkdə Azərbaycana dönmək fikrin var, yoxsa legioner həyatını davam etdirmək istəyirsən?
- Məqsədim daha da irəliləməkdi. Buna əsasən futbol karyeramı müəyyənləşdirəcəm.
RƏŞAD