Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilən "Qarabağ"-"Şamaxı" matçı Ağdam təmsilçisinin 8:0 hesablı qələbəsi ilə başa çatdı.
"Football-plus.az" saytının məlumatına görə, qarşılaşmadan sonra baş tutan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov
jurnalistlərin suallarını cavablandırıb:
- Bu qələbəni doğum günü hədiyyəsi kimi qəbul etmək olar?
- Mənim üçün hər qələbə böyük hədiyyədi. Futbolçuların hər biri sağ olsunlar.
- İbrahimə Vasji ilə Norveç klublarının maraqlandığı xəbərləri var. Vadji bu gün uzun müddətdən sonra start heyətdə meydana çıxıb 3 qol vurdu. Onun oyununu necə dəyərləndirirsiz?
-Vadji ilə maraqlanan klublar var idi. O, bizim vacib oyunçularımızdan biridi. Çalışıram ki, hər futbolçu şans qazansın. Hər oyunçu mənim üçün çox vacibdi.
- Hər il aldığınız mükafatların sayı artır. Bu mükafatlar məsuliyyətinizi daha da artırır?
- Mütləq artırır. Mənim gələcək karyeram, işim üçün bu mükafatlar çox vacibdi. Əlbəttə ki, daha da işgüzar olmalıyam. Hər kəsə təşəkkür edirəm.
- Prezident İlham Əliyev sizi "Şöhrət" ordeni ilə təltif etdi. Bundan əvvəlcədən xəbəriniz var idi? Bu ordenlə bağlı təəssüratlarınızı bilmək istərdik...
- Bu, mənim karyeramın ən dəyərli hədiyyəsi idi. Bir daha cənab prezidentə təşəkkür edirəm. Belə bir mükafatı əldə etmək mənim üçün böyük bir motivasiya oldu. Əvvəlcədən xəbərim yox idi. Başda cənab prezident olmaq məni təbrik edən hər kəsə təşəkkür edirəm.
- Qarşıda ölkə kuboku oyunları gəlir. "Qəbələ" ilə ardıcıl 3 oyun keçirəcəksiz. Bu oyunlar haqda fikriniz necədi?
- Ümumiyyətlə mən həmişə kubok oyunlarını fərqləndirmişəm, kubok tam fərqli bir turnirdi. İstənilən komanda kuboku qazanmaq şansından istifadə etmək istəyir. Bizim hər il qarşımıza məqsəd qoyulur ki, həm kubokda, həm çempionatda yaxşı nəticələr əldə edək. Bu ildə uğurlu nəticə əldə etməyə çalışacağıq.
- Patrik Andradenin və icarədə olan qapıçı Luka Quqeşaşvilinin müqaviləsi mövsümün sonunda başa çatacaq. Onları komandada saxlamağı düşünürsüz?
- Hər iki oyunçudan razıyam. Hələ qarşıda oyunlarımız var. Klub rəhbərliyi danışıqlara başlayacaq. Futbolçunun da istəyi mənim üçün çox vacibdi. Luka perspektivli qapıçıdı, onda qapıçıya lazım olan bütün xüsusiyyətlər var. Sadəcə daha işgüzar, daha istəkli olmalıdı. Son vaxtlar onda çox böyük dəyişikliklər var. Qarşıda hələ xeyli vaxtımız var.
- "Qarabağ" rəqiblərinə 4-5 qol vurur. Çempionatın səviyyəsiniN qaldırılması ilə bağlı hansı fikirləriniz var?
- Xeyr, belə fikirlərim yoxdu. Biz hər rəqibə hörmətlə yanaşırıq. Qol sayına görə kənardan asan qələbə qazandığımız görünə bilər. Biz daim özümüz yaxşı olmaq üçün çox çalışırıq. Bu da çalışmağımızın nəticəsidi. Bu sualla bağlı əlavə fikrim yoxdu.