Bü günlərdə Bruno Fernandeşin məsələsinə aydınlıq gəlmişdi.
“Mançester Yunayted” ilə portuqaliyalı yarımmüdafiəçi arasında aparılan danışıqlar müsbət nəticələnmişdi. Yerli mənbələr onun İngiltərə klubunun formasını 2027-ci ilin yayına qədər geyəcəyini xəbər vermişdi. Artıq tərəflər arasında yeni sözləşmə rəsmiləşib. Rəsmi məlumatda 27 yaşlı futbolçunun müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə qol çəkdiyi, müddətin sonradan daha birilliyə artırıla biləcəyi qeyd edilir. Yeni anlaşmanın maliyyə detalları hələ ki rəsmən açıqlanmayıb. Qeyri-rəsmi mənbələr Fernandeşin illik məvacibinin təxminən 14-15 milyon avro olacağını xəbər verib.
Bruno MY-də 2020-ci ilin yanvarından çıxış edir. O, bu mövsüm premyer-liqada meydana çıxdığı 27 oyunda komandaya 9 qol və 6 məhsuldar ötürmə ilə faydalı olub.