Sizin reklam burada

Kamikadze

Title
(ustad jurnalist Şakir Yaqubovun 70 yaşına)
Kamikadzelik təkcə hədəfi məhv etməkdən ötrü canlı bombaya çevrilib həyatını qurban vermək deyil, həm də haqq yolunda özünü çox şeydən məhrum eləməyi bacarmaqdı…
Proloq əvəzi
1993-cü ilin payızı. “Azərbaycan” nəşriyyatının metranpajı (mürəttibi) Əbdül axşam “Səhər”in növbəti nömrəsini yığır, mən də növbətçiyəm. Cəmi dörd səhifəlik gündəlik informasiya qəzetinin son səhifəsində Şakir müəllimin üç yazısı gedir. Bu yazıların biri üç nöqtə ilə başlayır, ikisi isə üç nöqtə ilə bitir. İşinin peşəkarı olan Əbdül dayı bir taxta çərçivədə qurğuşunda tərsinə yığdığı səhifəyə, bir də üzümə baxır: “A kişi, bir səhifədə nə qədər üç nöqtə olar e? Üçüncü yazıda onun adını elə üç nöqtə qoyacam”. Və sərlövhədəki üç nöqtəni kəsib, imzadakı adı onunla əvəzləyir. “Hə, indi oldu düppədüz: üç nöqtə …Yaqubov”. Elə bu dəm yığım sexinin o başında qəfil Şakir müəllim görünür və zarafatını az qala ciddi sandığım Əbdül kişinin kəsib dəyişdiyi qurğuşunları yerinə qaytarmağı bir saniyə belə çəkmir.
Şaquli redaktə
Əlahəzrət Fakta və möhtərəm Sözə məsuliyyətlə yanaşmaq vərdişini ilk redaktorum olan bu peşəkar qəzetçidən əxz eləmişəm. Bu, gənc müxbirdən ötrü bir növ sintetik proses idi. Yəni redaktorumu tanıya-tanıya öyrənir, həm də öyrənə-öyrənə tanıyırdım.
Deyəsən, bir az yekə çıxdı axı. “Şakir Yaqubovu axıra kimi tanıya bildinmi” sualına cavab verməyə bu gün də çətinlik çəkirəm. Onun timsalında gördüyüm və əmin olduğum həqiqət budu ki, ensiklopedik biliyə malik ustad titanik enerjili yaradıcılığı boyunca sözü zərgər dəqiqliyi ilə pardaqlayan, onun tutumunu, çəkisini dəqiq bilən və yazdıqları ilə oxucunu düşündürə-düşündürə ruhuna qida verən bənzərsiz qəzetçi-jurnalist, publisist, qüdrətli qələm sahibidi. Bu mənada Şakir Yaqubovun “Banişevski olduğu kimi” kitabını futbol publisistikamızın zirvəsi sayan “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli ilə tam razıyam.
O həm də mətndə sözün yerini və məqamını çox gözəl duyan redaktordu. Universitetin jurnalistika fakültəsində sevib-seçdiyim peşənin nəzəriyyəsini yaxşı mənimsəmişdim, intəhası, adi xəbəri, zarisovkanı, korrespondensiyanı, müsahibəni yazmağın qaydasını, üslubunu, sözü-sözə, cümləni-cümləyə cilalamağı, beynin məhsulunu oxucuya təqdim etməyin üsullarını məhz Şakir Yaqubovdan öyrəndim. “Səhər”in siyasi müxbiri kimi Prezident Aparatından, Milli Məclisdən, Xarici İşlər Nazirliyindən, xarici ölkə səfirliklərindən yazdığım “bir cümlə – bir xəbər”i, informasiyaları, zarisovkaları, qısa müsahibələri kuratorum soldan-sağa deyil, yuxarıdan aşağı redaktə edirdi. Həmin redaktədən sonra mətndəki cümlələrin məntiqinə, təhkiyəsinə, sözlərin yapışqanlı və zəncirvarı ardıcıllığına heyran qalırdım. Sadəcə, heyran qalmırdım, həm də öyrənirdim. Sonrakı 10 ildə qəzet jurnalisti kimi çalışdığım redaksiyaların heç birində o səviyyədə və miqyasda redaktora rast gəlmədim.
Dördüncü sual
Nədən yazırsan? Necə yazırsan? Niyə yazırsan? “Səhər”də çalışdığım informasiya şöbəsinin lal divarına iri qara hərflərlə bu üç sual cümləsinin yazıldığı vərəq yapışdırılmışdı. Bu, qəzetin baş redaktor müavininin sütül yazarlara özünəməxsus mesajı idi. Neçə vaxt idi bu üç sual beynimdə tapmacaya dönmüşdü, üstəlik, onların arxasından boy vermiş 4-cü sual da cavab tələb edirdi. Düşünürdüm ki, niyə redaktor, mənim məntiqimlə, ən vacib sayılan sualı axırıncı sıraya qoyub. Axı yazmaq stixiyasından doğan təbii “niyə” sualı “nədən”dən və “necə”dən əvvəl verilməlidi. Cürətimi toplayıb sualımı layihə müəllifinə ünvanlayanda, o, əvvəlcə gülümsədi, sonra sualımdan məmnunluğunu duyduğum gözlərini üzümə zillədi: “Düzdü, “niyə” ana sualdır, amma ona aparan yol “nədən”dən və “necə”dən keçir. Niyənin cavabı tam aydınlaşsın deyə həmin yolun hər cür əziyyətini çəkməlisən”.
Mükəmməl cavab idi və həmin an bəlkə də ilk dəfə redaktorumun gözünün içinə dik baxdım. Və o iri, ifadəli gözlərin dərinliyində narahatlığa bələnmiş kədərin və nisgilin izlərini sezdim. Bunun səbəbini sonralar anlayacaqdım.
…Onun haqqında ən yaxın çevrəsindən, eləcə də yaşlı-cavan həmkarlarımızın çoxunun dilindən bu sözləri eşitmişəm: “Çətin adamdı”.
Çətin adam?!
“Mən bütün həyatımı – öncə də sağlamlığımı, ailə xoşbəxtliyimi, ata-ana və bacı-qardaş qarşısındakı borcumu jurnalistikaya qurban verdim: həm bütövlükdə jurnalistikaya, həm də onun həmişə üzdə olan yaramaz nümayəndələrini qəzet səhifələrindən adam görkəmində təqdim eləməyə. Onlar adam olub adamlar sırasına qoşuldular, dövləti vəzifə və hökumət mükafatları aldılar, amma hətta güzgü önündə özlərinə hesabat verəndə də bu mərtəbəyə gəlib çatmalarında Şakir Yaqubov adlı bir insanın da xırdaca əməyi olduğunu etiraf eləməyə kişilikləri və qadınlıqları yetmədi!”
Bu, ömrünün 40 ilindən çoxunu məsləyinə təmənnasız xidmətə həsr eləmiş peşəkar bir qəzetçi-jurnalistin acı etirafıdı. Həm də təkcə şəxsinə qarşı deyil, canını və qanını qoyduğu sahədə, eləcə də bütövlükdə cəmiyyətdə xıltın, çirkabın təmizliyi üstələməsinə, söz peşəkarlarının halal haqqının tapdanmasına, çərxi-fələyin mizan-tərəzisinin allahsızcasına pozulmasına çılpaq üsyanıdı. Az qala hər gün üzləşdiyimiz haqsızlıq və ədalətsizliklə gönümüzün qalın yerinə salıb barışan, özünü çətinə salmamağa, “az aşım, ağrımaz başım” deyib asan yaşamağa üstünlük verən əksəriyyətimizdən fərqli olaraq, o məhz çətin adam olmaq yolunu tutdu. Bu yol nə qədər ləngərli, məhrumiyyətlərlə minalanmış olsa da, Şah ağacı tək məğrur Şakir Yaqubovun xarakterinə və prinsiplərinə tən gələn yeganə yol idi. Və mən bu yolçunun müqəddəratını hədəfini canı bahasına məhv eləməyə hazır olan kamikadze aqibəti ilə müqayisə edərdim. Bəli, o, haqsızlığın üzərinə yeriyən kamikadze cürətli söz cəngavəri, bununla da çətin adam olmamağı bacarmayan güzəştsiz peşəkar, təmiz, dürüst və vicdanlı insandı.
Monoloqun davamı olacaq
Hələ 10 il əvvəl mediaforum.az saytının suallarını cavablayan yubilyarımız “bu gün mən heç vaxt 60 yaşa çatmayacaq atamdan da, anamdan da yaşlıyam və bunun məhz belə olduğunu təsəvvür də edə bilmirəm” deyirdi…
Milli jurnalistikanı sovet dövrünün qəzetçiliyi ilə müqayisə edən altmış yaşlı Şakir Yaqubovun qənaətinə diqqət yetirin: “O dövrün başlıca xüsusiyyəti yazarın həm sözə görə və həm də fərd olaraq cəmiyyət qarşısında ciddi məsuliyyət hiss etməsi olub”. “Günü bu gün də sənədsiz-sübutsuz bir kəlmə də yazmaram yox ey, sadəcə, yaza bilmərəm. “Azad söz”, “müstəqil media” uğrunda yaxa yırtdığımız bu günlərdən fərqli olaraq, həmin o mənfur sovet dövründə “reket jurnalistikası” mövcud deyildi. İndi isə məhz bunun hesabına Azərbaycanda jurnalistika dünyanın ən qədim peşələri ilə yanaşı tutulur”.
Haqlısız, ustad, 10 il əvvəllə müqayisədə bu gün elə də çox şey dəyişməyib. Amma…
Artıq müdriklik yaşına çatmış ustad sənətkar daha 10-15 il əvvəlki kimi püskürmür, xeyli yumşalıb. Bunun Şakir Yaqubovun səhhəti və ailə qayğıları ilə bağlı problemlərdən, həyatın acı reallığından doğan səbəbləri var. Amma bir məsələdə ustadın şəyirdi ilə razılaşması gərəkdi: sabiq çekist olmadığı kimi jurnalistin də pensiyaçısı olmaz. O, hər cür çətinliklərə rəğmən və bütün ədalətsizliklərin acığına yazmalıdı.
İyirmi il əvvəl 50 illiyi münasibətilə “Avropa” qəzetindəki müsahibəyə belə bir başlıq seçilmişdi: “Professionalın monoloqu”.
Bilirəm, neçə illərdi sözüylə ürəyi bir vuran ustadın monoloqu içində davam edir. Arzu edirik ki, bu monoloq yazıya çevrilsin, bizləri qürurlandıran yubiley məqamı isə onun ürəyinə təpər, qələminə yeni nəfəs versin və o, Şakir Yaqubov imzası üçün qəribsəmiş oxucularını sevindirsin.
Epiloq əvəzi
Şakir müəllimin üç nöqtəyə olan pünhan sevgisinin arxasında onun oxucusuna “mabədi var”, “qələmimin mürəkkəbi tükənməyib”, “hələ çox yazacağam” kimi mesajları dayanır. Bu xüsusda ustadıma 10 il əvvəl dediyi sözləri xatırlatmağım yerinə düşər: “Ürəyimi deşən onlarca mövzu var ki, hamının hər şeydən yazmağa cəhd elədiyi bizim bu günlərdə kimsənin ağlına da gəlmir. Sağlıq olsun…”
İndi isə özünün izni ilə Şakir müəllimə ilk dəfə ikinci şəxsin təkində (yaşı 50-ni ötmüş bəndənizin bu ərkini qınamaz yəqin) müraciət edirəm: A kişi, iki nöqtəni qoymusan, amma sonuncu, ən çox sevdiyin üçüncü nöqtə hələ də qələminin mürəkkəbini gözləyir. Tənbəllik eləmə. Sənə söz verirəm, onda o üç nöqtənin hər birinə ayrıca oçerk həsr edəcəm…
İMRAN BƏDİRXANLI,
jurnalist-publisist, ssenarist, tərcüməçi
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.