“Record club” ilə Futzal Federasiyasının fikirləri üst-üstə düşmədi

26.04.2024 20:50 179
Ölkə futbolu / Manşet
Futzal üzrə yüksək liqada mövsüm başa çatmaq üzrədi.

Daha dəqiqi, mayın 2-də keçiriləcək oyunlarla finiş gerçəkləşəcək. Bilindiyi kimi, bu dəfə də fərqli mənzərə ortaya çıxmadı. Ənənəvi çempion “Araz-Naxçıvan” qızıl medallara yiyələndisə, “Neftçi” İK və “Baku Fire” 2-ci yer uğrunda mübarizə aparır. Əlbəttə, bu mübarizə hələ bitməyib. Son söz mayın 2-də deyiləcək. Müzakirəyə açıq məsələ “Record club”un taleyidi. Uzun müddətdi həm “Futbol+”, həm də başqa həmkarlarımız tərəfindən fəaliyyəti tənqid olunan komanda üçün işıq ucu görünmür. Reza İbrahiminin rəhbərlik etdiyi komanda 1 qələbə, 1 heç-heçə və 16 məğlubiyyətlə turnir cədvəlinin sonuncusudu. Sözsüz, biabırçı nəticədi. Mövsüm ərzində nəinki güclülərə, ortabab rəqiblərə belə tab gətirə bilməyən komanda problemlər içində üzür. Hələ bu harasıdı?! “Record club” indiyə qədər 3 matçda meydana çıxmamaqla həm rəqiblərinə hörmətsizlik edib, həm də çempionatın imicinə ziyan vurub. Bəlkə də Futzal Federasiyasının rəhbərliyi yazdıqlarımızla barışmır, amma reallıq budu! Təbii ki, komandaların mövsüm ərzində 2 dəfə texniki məğlubiyyət almaq “haqqı” var. Yəni, qaydalar və müvafiq cəzalar bəllidi. Lakin klub prezidenti Reza İbrahiminin dəfələrlə özünü yox, federasiya başda olmaqla müvafiq qurumları günahkar bilməsi rüsvayçılıqdı. Məsələnin məğzi haqda dəfələrlə yazmışıq. Xatırladaq ki, iranlı klub rəhbəri oyunçularına Azərbaycanda oturum izni ala bilməməsindən gileylənir. Dediyinə görə, komandanın bir neçə legioner üzvü sərhəddən buarxılmır. Nəticədə meydana çıxmağa futzalçı tapılmadığından belə rüsvayçı durum yaranır.
Yada salaq ki, ötən həftə 19-cu turun oyunlarından biri keçirilmədi. Söhbət “Record club” – “Araz-Naxçıvan” matçından gedir. Buna birincilərin meydana çıxmaması səbəb oldu. Üstəlik bu hal cari mövsümdə üçüncü dəfə (15-ci tur: “Record club” – “Baku Fire”, 18-ci tur: “Record club” – “Neftçi” İK) təkrarlandı. Qaydalar nə deyir? Əsasnaməyə görə, “Record club” qeyd-şərtsiz çempionatdan uzaqlaşdırılmalıdı. Bəs klubun bu yöndə planları nədi? Komandanın tarixə qovuşacağını iddia edə bilərikmi? Bu suallarla klubun prezidenti Reza İbrahimiyə üz tutduq. O, "football-plus.az"a açıqlamasında gözləmədiyimiz məqamlara toxundu:
“Başverənlər bizim günahımız deyil. Daha əvvəl də dediyim kimi, federasiya legionerlərimizə oturum izni vermədi. Mövsümün əvvəlində adları iştirak ərizəsinə salınsa da, sonradan Azərbaycanda yaşamaları mümkün olmadı. İrandan, İraqdan və Əfqanıstandan olan oyunçularım komandayla birgə çıxış edə bilmədi. Məndə olan məlumata görə, “Baku Fire”ın braziliyalı futzalçısına da oturum izni verilmədiyindən kənarda qalıb. Mövsümün son turunda da meydana çıxa bilməcəyəyik. Federasiyada yarışların təşkili üzrə baş mütəxəssis Xosrov Məmmədov söz verib ki, növbəti mövsümdə legionerlərimizə lisenziya və oturum izni veriləcək. Beləliklə, yenidən yüksək liqada iştirak etməyə başlayacağıq. Federasiya rəsmisi mənimlə görüşdə dəfələrlə etiraf edib ki, problemin səbəbi biz yox, məhz özləridi”.


Əlbəttə, belədə qəribə açıqlamaları araşdırmaq lazım gəldi. Yuxarıda adı çəkilən Xosrov bəylə əlaqə saxlamaq mümkün olmasa da, Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla danışa bildik:
“Deyilənlərin reallıqla əlaqəsi yoxdu. Əsasnaməyə görə, 3 dəfə texniki məğlubiyyət alan klub çempionatdan uzaqlaşdırılır. “Record club” üçün də hansısa güzəştdən söhbət gedə bilməz. AFFA İntizam Komitəsi qanunlara uyğun olaraq, komandanın meydana çıxmamasını texniki məğlubiyyətlə cəzalandırdı. Bəli, bu, klubun elitanı tərk etməsi deməkdi. Futzal Federasiyasının rəsmiləri “Record club”a bu yöndə söz verməyib. Nə də belə danışıq olub. Klubun problemi oturum ala bilməməklə bağlıdı. Bilindiyi kimi, bunu müvafiq orqanlar icra edir. Yəni Reza İbrahiminin problemini həll etmək Futzal Federasiyasının səlahiyyətlərinə aid deyil. Ümumiyyətlə, “Record club” eyni səhvə üçüncü dəfə yol verdiyindən növbəti turda iştirak edə bilməz. Nəinki növbəti mövsümdə...”


KƏNAN BAHADIR