Sizin reklam burada

Xanımı Banişevskinin satışa çıxarılan saatından xəbərsizdi

Title
Firuz Abdulla: “Başqa mənbələrdən də məsələni dəqiqləşdirməyə çalışacağıq”
Futbolumuzun əfsanəsi Anatoli Banişevskiyə aid olduğu iddia edilən saatın Rusiya saytlarının birində satışa çıxarıldığını xəbər vermişdik. Saatın fotolarını elan şəklində verən Yekaterina adlı xanım “Orient Special” markalı əşyanın ərəb şeyxləri tərəfindən hazırlandığını xüsusi şəkildə qeyd edərək, ona 57 min 500 rubl, yəni Mərkəzi Bankın élan etdiyi məzənnəyə əsaslansaq, 1328 manat qiymət qoyub. Elanda qeyd olunub ki, saat həmin dövrdə SSRİ yığmasının üzvlərinə hədiyyə olunub.
Banişevski Azərbaycan futbolunun dahilərindən sayılır. Ona məxsus olan bir əşyanın satışa çıxarılması, it-bat olması nə dərəcədə düzgündü? AFFA saatı alıb, muzeydə saxlaya bilərmi? Suallarımızı assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq: “Məsələ ilə bağlı məlumatımız var. Xəbər çıxandan dərhal sonra ailəsi ilə əlaqə saxladıq. Həyat yoldaşı bizə bildirdi ki, belə bir saat barədə məlumatları yoxdu. Yəni ailəsi təsdiqləmədi ki, bu saat həqiqətən də Banişevskiyə məxsusdu. İstənilən halda, başqa mənbələrdən də məsələni dəqiqləşdirməyə çalışacağıq”.
Yeri gəlmişkən, bu gün Anatoli Banişevskinin 75 illik yubileyidi. Bu münasibətlə “Neftçi” veteranları ilə millimizin sabiq üzvləri arasında yoldaşlıq oyunu planlaşdırılırdı. Ancaq Firuz Abdulla qəzetimizə açıqlamasında qarşılaşmanın təxirə salındığını söylədi. O, koronavirus pandemiyası səbəbindən oyunun keçirilməsinin məqsədəuyğun olmadığını vurğuladı.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.