Aslan Şahgəldiyev: "Hansılar mümkündüsə, həll edəcəyik"
Klublar Komitəsinin srağagünkü iclasında PFL-in iki nümayəndəsi də iştirak edirdi. Bunlar qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və Texniki İdman şöbəsinin rəisi Nihad Məmmədov idi.
Dünən Aslan bəylə əlaqə saxlayıb, toplantıdakı iştirakının səbəblərini öyrəndik: "İclas keçirildi, klubların çempionatla bağlı bəzi təklifləri var idi. Müzakirələr oldu və Klublar Komitəsi tərəfindən tam detallı şəkildə bizə məktub da göndəriləcək. Hansılar mümkündüsə, həll edəcəyik. Mümkün olmayanlar haqda da onlara məlumat verəcəyik. Legionerlərin rüsümu, uşaq futboluna ayrılan vəsait, müqavilələrin notarius qeydiyyatı kimi məsələlər müzakirə edildi. Bundan başqa, növbəti mövsüm Əsasnamədə müəyyən dəyişikliklər edilməsi, texniki zonada daha çox oturacaq qoyulması haqda fikirlər oldu. Həmçinin təşkil etdiyimiz vahid akkreditasiya sisteminin təkmilləşdirilməsi təklif olundu. Tövsiyə və təkliflərimiz ümumi idi. Tutaq ki, futbolçuların qeydiyyat məsələsində biz də öz fikrimizi deyirdik. Bildirdik ki, Əsasnamədə və ya intizam kodeksində hansısa məsələ sizi narahat edirsə, ona görə cərimələnirsizsə, deyin, yoluna qoyaq. Müzakirə olunan məsələlərdən hansıların yerinə yetiriləcəyini deyə bilmərəm. Çünki dediyim kimi, onlar bizə məktub göndərəcək və hansı məsələlər həll oluna bilərsə, o da ediləcək".
FARİZ