Bakı Olimpiya Stadionunda Klublar Komitəsinin növbəti iclası keçirilib.
Öncədən anonsu verilməyən, KİV-dən gizli saxlanılan toplantıda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, texniki direktoru Cahangir Həsənzadə, Uşaq və gənclər üzrə yarışların təşkili şöbəsinin müdiri Yusif Vəliyev, PFLin texniki idman şöbəsinin müdiri Elgiz Abbasov, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və premyer-liqada mübarizə aparan klubların nümayəndələri iştirak edib.
Elxan Məmmədov çıxış edərək iştirakçıları salamlayıb, Konfrans Liqasında növbəti mərhələyə yüksəlməsi münasibətilə “Qarabağ”ı bir daha təbrik edib, 1/16 final oyunlarında uğurlar arzulayb. İcraçı vitse-prezident klub nümayəndələrinin diqqətinə çatdırıb ki, qarşıdakı mövsümdən etibarən qadın futboluna diqqəti daha da artırmaq vacibdi, çünki UEFA bu sahəyə lisenziyalaşdırma prosesində mütləq meyarlardan biri kimi yanaşmağa başlayacaq. O bildirib ki, uşaq futbolu, klubların nəzdindəki akademiyaların fəaliyyəti klublar üçün prioritet istiqamətlərdən biri olmalıdı.
AFFA rəsmisi klubları sosial layihələrdə daha fəal olmağa, ildə bir neçə dəfə müxtəlif bölgələrdə futbolun təbliği və kütləviləşməsi məqsədi daşıyan layihə təkliflərini AFFA-ya təqdim etməyə səsləyib və qeyd edib ki, bu səpkili təkliflər arasından ən maraqlılar seçiləcək və icrası AFFA tərəfindən maliyyələşdiriləcək. Elxan Məmmədov 2022-ci ildə AFFA ilə “Misli” şirkəti arasında əməkdaşlıq müqaviləsinin bağlanacağını, bunun Azərbaycan futbolu və təbii ki, klublar üçün maliyyə baxımından faydalı olacağı barədə məlumat verib. Sonra iclas gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam edib.
Yeni razılaşmanın detallarını öyrənməyə çalışdıq. Görəsən, bukmeker şirkəti premyer-liqanın sponsoru olacaq? Azərbaycan futboluna hansı istiqamətdə maliyyə yardımı edəcək? Suallarımızı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq:
“Bu haqda hələ ki geniş açıqlama yoxdu. Yaxın zamanda əlavə məlumat veriləcək”.
“Qarabağ”ın baş meneceri Asif Əsgərov, “Keşlə”də eyni funksiyanı daşıyan Eldəniz Yusubov da suallarımızı cavabsız buraxdı. Onların ortaq fikri belə oldu:
“Biz məsələlərlə bağlı danışa bilmərik. Bu haqda ancaq komitənin rəhbəri Riad Rəfiyev danışa bilər”.
Hər iki şəxsin dediyi kimi Riad Rəfiyevlə əlaqə saxlamağa cəhd etdik. Amma alınmadı. Komitə sədri zənglərimizə cavab vermədi.
İLKİN SULTANLI