Ramin Musayevin rəqibi yoxdu
Xəbər verdiyimiz kimi, AFFA premyer-liqanın 2020/21 mövsümünün keçirilməsi üçün İşçi Qrup yaradıb. Qurumda sssosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov, Məşqçilər Komitəsinin sədri Ağasəlim Mircavadov, AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadə, AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və PFL-nin Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov yer alıb. PFL premyer-liqanın keçirilməsinə nəzarət edən qurumdusa, İşçi Qrupda yalnız bir nəfərlə təmsil olunmasına izah tapmaq çətindi. Bu onu göstərir ki, AFFA Ramin Musayevin rəhbərlik etdiyi qurumun çempionata təsir qüvvəsini minimuma endirmək siyasətini uğurla davam etdirir. Və bu gedişlə, ümumiyyətlə, PFL “oyundankənar vəziyyət”ə düşə bilər.
Amma dünən müraciət etdiyimiz PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev tam fərqli fikirdədi. Qurum rəsmisi qəzetimizə açıqlamasında PFL olaraq premyer-liqa ilə bağlı yenilikləri və təklifləri birgə müzakirə edib, Elgiz Abbasov vasitəsi ilə İşçi Qrupa təqdim ediklərini söylədi: “İşçi Qrupda say baxımından PFL-in azlıq təşkil etməsinin o qədər də önəmi yoxdu. Bizi orda Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov təmsil edir. Qurum olaraq çempionatın keçirilməsinə hələ də nəzarət edirik. Liqa ilə bağlı bütün təklifləri, yenilikləri müzakirə edirik və Elgiz Abbasov qeyd etdiyimiz bütün fikirləri İşçi Qrupuna təqdim edir. Əsas odu ki, üzərimizə düşən işi görürük”.
Aslan Şahgəldiyevdən PFL-ə prezident seşkisinin nə vaxt keçiriləcəyini də soruşduq: “Bu məsələ avqustun sonlarına həll olunmalıdı. Bilirsiz ki, koronavirusa görə ölkədə karantin rejimi tətbiq olunur. Operativ Qərargahın qərarından sonra seçkilərin vaxtını müəyyən edəcəyik. Karantin rejimi uzadılsa, toplaşmaq icazəsi olmadığına görə seçkinin vaxtını müəyyən etmək çətin olacaq. Uzağı bu prosesi onlayn keçirəcəyik. Bunu son variant kimi düşünürük. Karantin rejiminin ləğvi ilə bağlı qərar qəbul edilsə, avqustun sonlarına kimi prezident seçkisini keçirəcəyik”.
PFL rəsmisinin sözlərinə görə, yeganə namizəd hələ ki Ramin Musayevdi: “Hələlik başqa biri yoxdu. Prezidentliyə tək namizəd hazırkı prezident Ramin Musayevdi”.
İLKİN SULTANLI