“Neftçi”nin bu mövsüm ev oyunlarına azarkeş marağının aşağı səviyyədə olması ilə bağlı dəfələrlə yazmışdıq. Uzun müddətdi turnir cədvəlinin lideri olan komandaya azarkeşlərin verdiyi dəstək qətiyyən ürəkaçan deyil. Düzünə qalsa, belə biganəliklə bağlı məntiqli açıqlamaya, izahata da rast gəlməmişik. Sadəcə, deyirlər ki, gəlmirik.
Yaxşı, anladıq, nələrdənsə küsmüşdüz, gəlmirdiz, bəs indi – işlərin yaxşı getdiyi vaxtda niyə gəlmirsiz?
Rəqəmlərə nəzər salaq:
2-ci tur - “Araz-Naxçıvan” 1670
4-cü tur - “Şəfa” 1460
7-ci tur - “Sabah” 7076
9-cu tur - “Turan Tovuz” 4460
11-ci tur - “Kəpəz” 3275
13-cü tur - “Zirə” 4138
“Neftçi”nin 6 ev oyununa ümumilikdə 22 min 79 tamaşaçı gəlib. Orta göstərici isə 3680 nəfər civarındadı. Ən yüksək rəqəm “Sabah”la qarşılaşmada qeydə alınıb – 7076. Ən aşağı göstərici isə “Şəfa” ilə matça təsadüf edib – cəmi 1460 nəfər.
Düzdü, nəticələr yaxşılaşdıqca tribunadakı mənzərə də müəyyən qədər dəyişir. Lakin hələ də “Neftçi”nin adına, tarixinə və azarkeş potensialına yaraşan statistika yoxdu.
Amma biz bu sirri çözdük: belə çıxır ki, “Neftçi” çempion olandan sonra azarkeşlər tribunaları dolduracaq. O məqamda ki, artıq komandanın dəstəyə ehtiyaca olmayacaq. Arzuolunmaz və kədərli məqamdı: çətin vaxtda komandanı tək qoyanlar xoş gündə sevincini bölüşəcəklər. Mən belə azarkeşliyi sevmədim!
İSRAYIL XEYRULLAYEV
“Neftçi” çempion olan kimi... – biz bu sirri çözdük!
Ölkə futbolu / Manşet





